ABŞ və İsrail İranın Xark adasını ələ keçirmə variantını müzakirə edir

"Axios": ABŞ və İsrail İranın Fars körfəzindəki strateji Xark adasının ələ keçirilməsi və enerji infrastrukturuna zərbələr variantını müzakirə edir.

41

ABŞ və İsrail rəsmilərinin İranın Fars körfəzində yerləşən strateji Xark adasının ələ keçirilməsi variantını müzakirə etdiyi bildirilir. Bu barədə məlumatı ABŞ administrasiyasındakı mənbələrə istinadən “Axios” nəşri yayıb.

Məlumata görə, adada yerləşən böyük neft terminalları İranın xam neft ixracının əsas hissəsini təmin edir. Xark adasında üzən qapaqlı iri neft anbarları yerləşir və İranın xam neft ixracının təxminən 90 faizi məhz bu terminal vasitəsilə həyata keçirilir. Bu səbəbdən ada İranın enerji infrastrukturu baxımından ən kritik nöqtələrdən biri hesab olunur.

“Axios”-un məlumatına əsasən, Vaşinqton və Təl-Əviv yalnız enerji obyektlərinə mümkün zərbələri deyil, həm də İran ərazisinə xüsusi təyinatlı qüvvələrin göndərilməsi ehtimalını müzakirə edir. İddialara görə, belə bir ssenari İranın zənginləşdirilmiş uran ehtiyatlarının “təhlükəsizliyini təmin etmək” məqsədi ilə əsaslandırıla bilər.

Bundan əvvəl İsrail müxalifətinin lideri Yair Lapid də İranın enerji sektoruna zərbələr endirilməsinə çağırış etmişdi. O, xüsusilə Xark adasındakı neft yataqları və enerji infrastrukturunun hədəfə alınmasının İran iqtisadiyyatına ciddi zərbə vura biləcəyini bildirmişdi.

Ekspertlər hesab edir ki, belə bir ssenari reallaşarsa, bu addım yalnız İranın enerji ixracına deyil, eyni zamanda Fars körfəzindəki enerji bazarına və qlobal neft qiymətlərinə də ciddi təsir göstərə bilər.

Xark adasının ABŞ tərəfindən işğalı mümkün olsa da, göründüyü qədər asan deyil.

Hələ prezident Karter 1979-cu ildə əsir krizisi zamanı adanı ələ keçirmək planları ilə tanış olmuş, lakin yüksək risk səbəbindən bu plan həyata keçirilməmişdi.

Adaya enmək üçün xüsusi təyinatlıları daşıyacaq helikopterləri yerdə cəmi 100-200 MANPADS daşıyan İran qoşunları rahatlıqla hədəf ala bilərlər. Necəsə adaya enməyə nail olan qoşunları isə cəmi 20-30 km məsafədə olan quruda yerləşən Qrad tipli yaylım atəşi sistemləri ilə hədəf alıb ABŞ qoşunlarına ciddi itki verdirmək olar.

Digər alternativ variant sürət qayıqları və hovercraftlar ilə adaya basqın etməkdir lakin bu daha da təhlükəlidir, çünki o qruplar özlərinə istehkam qurana kimi qurudan zərbə riski yenə də böyükdür.

XTQ üçün itkilərə siyasi dözümlülük ən aşağı həddədir, buna görə də ABŞ-ın buna gedəcəyi biraz şübhəlidir. Lakin belə bir spekulyasiyanın ortaya atılması belə ciddi siqnaldır və yaxından izləmək lazımdır.