ABŞ və İran arasında danışıqlar Omanda keçiriləcək

ABŞ və İran arasında 6 fevralda keçiriləcək danışıqlar İranın tələbi ilə İstanbuldan Omana köçürülüb. Danışıqlar yalnız nüvə məsələləri üzrə ikitərəfli formatda aparılacaq.

17

“Axios” xəbər platformasının iki anonim mənbəyə istinadən verdiyi məlumata görə, İran ABŞ ilə aparılacaq danışıqların formatı və yerində dəyişiklik tələb edib.

ABŞ Prezidenti Donald Tramp, İranla aktiv danışıqlar apardıqlarını açıqlamışdı. “Axios”un xəbərinə görə, əvvəlcə 6 fevral cümə günü İstanbulda keçirilməsi planlaşdırılan görüşlər İranın tələbi ilə Omana köçürülüb və ABŞ da bu tələbi qəbul edib.

Həmçinin, İstanbul görüşlərinə bir sıra ərəb və müsəlman ölkələrinin müşahidəçi kimi qatılması planlaşdırılsa da, İran danışıqların yalnız ABŞ ilə ikitərəfli formatda aparılmasını istəyib. Mənbələr görüşlərin yalnız nüvə məsələləri ilə məhdudlaşdırılmaq istənildiyini, İranın isə bölgədə digər ölkələr üçün prioritet olan raket proqramı və vəkil qrupları mövzularını gündəmə gətirmək istəmədiyini qeyd ediblər.

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun 6 fevralda İranın xarici işlər naziri Abbas Araqçi ilə nüvə razılaşmasını müzakirə etmək üçün görüşəcəyi iddia edilir.

Qeyd olunur ki, bu görüş İran və ABŞ arasında 2025-ci ilin iyunundan sonra ilk rəsmi danışıqlar olacaq. İranın xarici işlər naziri Araqçi, 47-ci inqilab ildönümü münasibətilə Tehranda Ayətullah Xomeyninin türbəsini ziyarət edərkən, ölkəsinin diplomatiyaya hazır olduğunu bildirmişdi: “Lakin diplomatiya təzyiq, qorxutma və güc tətbiqi ilə uyğunlaşmır. Nəticələrinin yaxın zamanda görünəcəyini ümid edirik,” deyə bildirib.