ABŞ-da keçirilən ictimai rəy sorğusu göstərib ki, ölkə vətəndaşlarının əksəriyyəti İrana qarşı hərbi hücumları dəstəkləmir və ABŞ prezidenti Donald Trampın İran siyasətinə tənqidi yanaşır.
“PBS News”, “NPR” və “Marist” təşkilatlarının birgə keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 56 faizi İran qarşı hərbi hücumların əleyhinə olduğunu, 44 faizi isə belə addımı dəstəklədiyini bildirib.
Sorğunun nəticələri həmçinin göstərir ki, Tramp administrasiyasının İranla bağlı siyasəti və regionda artan gərginliyin idarə olunması ABŞ ictimaiyyətində ciddi müzakirələrə səbəb olub.
Respondentlərin 54 faizi prezident Donald Trampın İran və İsrail arasında yaranmış böhranı idarə etmə üsulunu bəyənmədiyini, 36 faizi isə onun İran siyasətini dəstəklədiyini qeyd edib.
Digər bir araşdırma da ABŞ ictimaiyyətində oxşar tendensiyanı ortaya qoyub. “Washington Post” qəzetinin martın 2-də dərc etdiyi sorğuda iştirakçıların 47 faizi Vaşinqtonun İrana qarşı hücumları dayandırmalı olduğunu düşünür.
Xatırladaq ki, 28 fevral tarixində İsrail və ABŞ İranla aparılan diplomatik danışıqlar davam etdiyi bir vaxtda İrana qarşı hərbi əməliyyatlara başlayıb.
Tehran isə buna cavab olaraq İsrailə, eləcə də, ABŞ hərbi bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn kimi ölkələrdə müəyyən hədəflərə zərbələr endirib.
Məlumatlara görə, ABŞ və İsrailin həyata keçirdiyi hücumlar nəticəsində İranın ali lideri Ayətullah Əli Xamenei də daxil olmaqla bir sıra yüksək vəzifəli şəxslər həlak olub.
İran Səhiyyə Nazirliyinin sözçüsü Hüseyn Kermanpurun açıqlamasına əsasən, hücumlar nəticəsində 926 nəfər həyatını itirib.