ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları bir aya yaxınlaşarkən, Vaşinqtonun İranın raket imkanlarını nə dərəcədə zəiflətməsinə dair yeni qiymətləndirmə ortaya çıxıb.
“Reuters”-in ABŞ kəşfiyyatına yaxın beş mənbəyə istinadən yaydığı məlumata görə, Birləşmiş Ştatlar hazırda yalnız İranın geniş raket arsenalının təxminən üçdə birinin məhv edildiyini qəti şəkildə təsdiqləyə bilir.
Mənbələr bildiriblər ki, arsenalın daha bir təxminən üçdə biri ilə bağlı vəziyyət tam aydın deyil. Bununla belə, bombardmanların həmin raketlərin bir hissəsini zədələdiyi, məhv etdiyi və ya yeraltı tunel və bunkerlərdə dağıntı altında qoyduğu ehtimal olunur. Eyni qiymətləndirmənin İranın pilotsuz uçuş aparatları ehtiyatına da müəyyən qədər aid olduğu qeyd edilir.
Bu qiymətləndirmə ABŞ Prezidenti Donald Trampın İranın “çox az raketi qaldığı” barədə ictimai açıqlamaları ilə tam üst-üstə düşmür. “Reuters” yazır ki, mövcud kəşfiyyat məlumatları İranın arsenalının böyük hissəsinin ya məhv edildiyini, ya da əlçatmaz vəziyyətə düşdüyünü göstərsə də, Tehranın hələ də əhəmiyyətli raket ehtiyatına malik olduğu və döyüşlər bitəndən sonra dağıntı altında qalan bəzi sistemləri bərpa edə biləcəyi ehtimal edilir.
Pentaqon rəsmisi bildirib ki, müharibənin əvvəlindən bəri İranın raket və dron hücumları təxminən 90 faiz azalıb. Eyni zamanda, ABŞ Mərkəzi Komandanlığının İranın raket, dron və dəniz istehsalı obyektləri ilə gəmiqayırma imkanlarının 66 faizindən çoxuna zərbə endirdiyi qeyd olunub. Buna baxmayaraq, Mərkəzi Komandanlıq İranın faktiki raket və dron ehtiyatının nə qədərinin sıradan çıxarıldığını dəqiq açıqlamayıb.
Xəbərdə vurğulanır ki, əsas problemlərdən biri müharibədən əvvəl İranın yeraltı bunkerlərində nə qədər raket saxladığının dəqiq bilinməməsidir. Bir yüksək vəzifəli ABŞ rəsmisi belə vəziyyətdə dəqiq yekun rəqəmə çatmağın ümumiyyətlə mümkün olmaya biləcəyini deyib. ABŞ müdafiə naziri Pit Heqset də daha əvvəl İranın geniş tunel şəbəkəsinin əməliyyatların effektiv qiymətləndirilməsini çətinləşdirdiyini etiraf edib.
Bununla yanaşı, İranın hərbi imkanlarının tam tükənmədiyi də müşahidə olunur. İran cümə axşamı təkcə BƏƏ-yə qarşı 15 ballistik raket və 11 dron buraxıb. Həmçinin ötən həftə İran ilk dəfə Hind okeanındakı Dieqo Qarsiya ABŞ-Britaniya hərbi bazasını uzaqmənzilli raketlərlə hədəfə alıb. Bu da göstərir ki, Tehran hələ də cavab zərbələri endirmək gücünü qoruyur.
Ekspertlər hesab edirlər ki, ABŞ administrasiyası əməliyyatların nəticəsini bir qədər şişirtmiş ola bilər. Parisdəki “Sciences Po” universitetinin tədqiqatçısı Nikol Qrayevski “Reuters”-ə bildirib ki, İranın güclü bombardman olunmuş hərbi obyektlərdən sonra da hücumları davam etdirməsi onun raket potensialının hələ də ciddi səviyyədə qaldığını göstərir. Onun fikrincə, İran təxminən 30 faiz raket imkanını saxlaya bilər.