ABŞ-da İranla bağlı mümkün hərbi ssenarilər fonunda ölkənin ali hərbi rəhbərliyi ilə Ağ Ev arasında fikir ayrılığı olduğu iddia olunur.
“Axios” xəbər saytının məlumatına görə, ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Dan Keyn Prezident Donald Trampa İran əleyhinə mümkün hərbi əməliyyatın ciddi risklər daşıdığı və uzunmüddətli münaqişəyə çevrilə biləcəyi barədə xəbərdarlıq edib.
Məlumata görə, məsələ ilə bağlı məlumatlı iki mənbə general Keyni İran mövzusunda “istəksiz döyüşçü” kimi xarakterizə edib. Bildirilir ki, o, Prezidentə və yüksək vəzifəli rəsmilərə hərbi əməliyyatın nəticələrinin qeyri-müəyyən ola biləcəyini, xüsusilə də, ABŞ-nin uzunmüddətli müharibəyə cəlb olunma riskinin yüksək olduğunu çatdırıb. Keyni yaxından tanıyan digər mənbələr isə onun hərbi müdaxiləyə ideoloji baxımdan qarşı olmadığını, lakin uğur ehtimallarına və müharibədən sonrakı ssenarilərə realist yanaşdığını vurğulayıb.
Bununla yanaşı, Prezident Tramp bu iddiaları sərt şəkildə təkzib edib. O, sosial media hesabında paylaşım edərək general Keynin “İranla müharibəyə qarşı olduğu” barədə yayılan xəbərləri “tamamilə yalan” adlandırıb. Tramp bildirib ki, İranla bağlı yekun qərar yalnız ona məxsusdur və hərbi əməliyyat qərarı veriləcəyi təqdirdə general Keyn bu əmri tam şəkildə icra edərək ordunu effektiv şəkildə idarə edəcək.
ABŞ Prezidenti açıqlamasında İranla razılaşmaya üstünlük verdiyini desə də, anlaşma əldə olunmayacağı halda nəticələrin Tehran üçün ağır olacağı barədə xəbərdarlıq edib. Trampın sözlərinə görə, ABŞ müharibə istəmir, lakin hərbi qərar verilərsə, bu münaqişənin asanlıqla qazanılacağına inanılır.
Qeyd edək ki, İranla ABŞ arasında nüvə danışıqları 2025-ci ilin iyununda İsrail və ABŞ-ın İran ərazisinə endirdiyi zərbələrdən sonra dayandırılmışdı. Müzakirələr 6 fevralda Omanda bərpa olunub, ikinci raund isə 18 fevralda İsveçrənin Cenevrə şəhərində keçirilib. Tərəflərin 26 fevralda yenidən Cenevrədə görüşməsi gözlənilir.