ABŞ–İran böhranında növbəti addım Trampın qərarına bağlıdır

ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlar razılaşmasız başa çatıb. İndi Vaşinqtonun növbəti kursu Donald Trampın qərarından asılıdır. 

7

ABŞ və İran arasında İslamabadda keçirilən yüksək səviyyəli danışıqlar razılaşma olmadan başa çatıb.

“Reuters” yazır ki, 21 saat davam edən görüşlərdə əsas fikir ayrılığı İranın nüvə proqramı, Hörmüz boğazının açılması və daha geniş təhlükəsizlik şərtləri ətrafında olub. Bu fonda Vaşinqtonda diqqətlər indi prezident Donald Trampın atacağı növbəti addıma yönəlib.

Açıq mənbələr göstərir ki, Ağ Ev daxilində diplomatik xəttin davamı ilə təzyiqin artırılması arasında həssas seçim var. Ağ Ev İranla bağlı mümkün ictimai çıxışı belə təxirə salıb, çünki administrasiya kövrək vəziyyəti həddən artıq “satmaq” istəməyib. Bu da onu göstərir ki, yekun qərar hələ formalaşmayıb və proses siyasi baxımdan da qeyri-müəyyən qalır.

Hazırkı mənzərədə Trampın qarşısında iki əsas yol görünür: ya atəşkəsi qoruyaraq danışıqları davam etdirmək, ya da nəticəsiz qalan təmaslardan sonra daha sərt xəttə keçmək. “Associated Press”-in məlumatına görə, qüvvədə olan iki həftəlik atəşkəs 22 aprelədək davam etməlidir, lakin razılaşma olmadığı üçün onun taleyi də sual altındadır.