ABŞ bazalarında şok iddia: İran müharibəsi Armageddon kimi təqdim olunub

ABŞ-nin 30-dan çox hərbi bazasında İran müharibəsinin dini motivlərlə əsaslandırıldığı iddia edilir. MRFF təşkilatı 110-dan çox şikayət aldığını açıqlayıb.

140

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda ABŞ ordusunda dini ritorikanın artması ilə bağlı ciddi iddialar irəli sürülüb. “Common Dreams” nəşrinin məlumatına görə, bəzi hərbi komandirlər İranla müharibəni “Tanrının planının bir hissəsi” kimi təqdim edir və bunu Bibliyadakı “Armageddon” anlayışı ilə əlaqələndirirlər.

Məlumata əsasən, bir döyüş briqadasının komandiri əməliyyat hazırlıq brifinqi zamanı qeyri-zabit heyətinə (NCO) bildirib ki, Prezident Donald Tramp “İsa tərəfindən İranda siqnal atəşini yandırmaq və Armageddonu başlatmaq üçün seçilib”. Bu barədə şikayət edən qeyri-zabit özünün və tabeliyində olan hərbçilərin təhlükəsizliyi səbəbilə adının açıqlanmasını istəməyib.

Şikayət ABŞ-da fəaliyyət göstərən Military Religious Freedom Foundation (MRFF) təşkilatına göndərilib. Təşkilatın prezidenti Mikey Vaynşteyn bildirib ki, son günlər ərzində 110-dan çox oxşar müraciət daxil olub. Onun sözlərinə görə, şikayətlər ən azı 30 hərbi baza və 40-dan çox müxtəlif hərbi bölməni əhatə edir.

MRFF-in məlumatına görə, bəzi komandirlər müharibəni “Bibliya tərəfindən təsdiqlənmiş” kimi təqdim edir və Yeni Əhddəki “Vəhy kitabı”na istinad edərək bunu “Axırzaman”ın yaxınlaşması ilə əlaqələndirirlər. Şikayətlərdə qeyd olunur ki, belə çıxışlar bölmələrdə mənəvi-psixoloji vəziyyətə mənfi təsir göstərir, birlik ruhunu zədələyir və Konstitusiyaya sədaqət andı ilə ziddiyyət təşkil edir.

ABŞ Müdafiə Nazirliyi Konstitusiyanın Birinci Düzəlişinə uyğun olaraq orduda dini təbliğata qarşı qaydalar tətbiq edir. Lakin iddialara görə, hazırkı müdafiə naziri Pit Heqsetin rəhbərliyi dövründə xristian milliçiliyi ritorikasının daha açıq şəkildə səsləndirildiyi müşahidə olunur. Heqset daha əvvəl Qərbin “İslama qarşı səlib yürüşü aparmalı olduğunu” bildirmişdi.

Mövzu həm də ABŞ-da dövlət və din münasibətləri kontekstində müzakirələrə səbəb olub. Tənqidçilər bildirirlər ki, xarici siyasətin və hərbi qərarların apokaliptik dini təsəvvürlərlə əsaslandırılması həm hüquqi, həm də etik baxımdan ciddi risklər yaradır.

Qeyd edək ki, rəsmi Pentaqon bu iddialarla bağlı geniş şərh verməyib. ABŞ və İsrailin son zərbələri nəticəsində İran Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, yüzlərlə insan həlak olub, o cümlədən mülki şəxslər arasında da itkilər var.

Ekspertlər vurğulayırlar ki, hərbi əməliyyatların dini motivlərlə izah edilməsi ABŞ-ın beynəlxalq imicinə və daxili institutların dünyəvi xarakterinə dair yeni suallar doğura bilər.