ABŞ-ın xüsusi prokuroru Robert Müller 81 yaşında vəfat etdi

ABŞ-ın keçmiş xüsusi prokuroru və FTB direktoru Robert Müller 81 yaşında vəfat edib. O, Tramp-Rusiya araşdırması ilə tanınırdı.

15

ABŞ-da 2016-cı il seçkilərinə Rusiyanın müdaxiləsi ilə bağlı araşdırmaya rəhbərlik edən keçmiş xüsusi prokuror Robert Müller 81 yaşında vəfat edib. Bu barədə onun çalışdığı hüquq firması məlumat yayıb.

Müllerin ölüm səbəbi açıqlanmasa da, mediada onun Parkinson xəstəliyindən əziyyət çəkdiyi barədə məlumatlar yer almışdı.

Robert Müller ABŞ Federal Təhqiqat Bürosunun (FBI) direktoru kimi uzun illər fəaliyyət göstərib və xüsusilə 11 sentyabr terror hücumlarından sonra qurumun yenidən formalaşdırılmasında mühüm rol oynayıb. O, 2001–2013-cü illərdə FTB-yə rəhbərlik edib.

2017-ci ildə isə o, ABŞ Ədliyyə Nazirliyi tərəfindən xüsusi prokuror təyin edilərək Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsi və Donald Trampın seçki kampaniyası ilə mümkün əlaqələrini araşdırıb.

22 ay davam edən bu araşdırma nəticəsində 34 nəfərə qarşı ittiham irəli sürülüb, bir sıra şəxslər günahlarını etiraf edib və ya məhkum olunub. Bununla belə, Müller hesabatında Trampın kampaniyasının Rusiya ilə cinayət əlaqəsinə dair kifayət qədər sübut olmadığını bildirib.

Eyni zamanda, Müller prezidentin ədalətə mane olub-olmaması məsələsini də araşdırıb, lakin ABŞ qanunvericiliyinə əsaslanaraq vəzifədə olan prezidentə qarşı cinayət ittihamı irəli sürməyib. Bununla belə, o, Trampı tam şəkildə bəraət etdiyini də deməyib.

Karyerası boyunca ciddi və prinsipial hüquqşünas kimi tanınan Müller ABŞ-da hüquq-mühafizə sisteminin ən nüfuzlu fiqurlarından biri hesab olunurdu. O, həmçinin Vyetnam müharibəsi veteranı idi və xidmətlərinə görə bir sıra mükafatlarla təltif olunmuşdu.

ABŞ prezidenti Donald Tramp Müllerin vəfatı ilə bağlı öz sosial media hesabında qəribə, eyni zamanda uyğun olmayan paylaşım edib. Belə ki, o, “Truth Social” hesabında yazıb:

“Robert Müller indicə öldü. Yaxşıdır, mən çox şadam ki, o, öldü. Bundan sonra günahsız insanlara ziyan vura bilməyəcək”.