ABŞ ilk dəfə Pakistanı əsas təhlükə siyahısına saldı

ABŞ kəşfiyyatı Pakistanı ilk dəfə milli təhlükəsizlik üçün əsas təhdidlər siyahısına daxil edib. Hesabatda Rusiya, Çin, İran və Şimali Koreya da yer alıb.

18

ABŞ tarixində ilk dəfə olaraq Pakistanı milli təhlükəsizlik üçün əsas təhdidlər siyahısına daxil edib.

Bu barədə ABŞ kəşfiyyat birliyinin illik hesabatında məlumat verilib. Hesabat Tulsi Qabbard tərəfindən təqdim olunub.

Sənəddə qeyd olunur ki, ABŞ üçün ən böyük təhlükə yaradan beş ölkə Rusiya, Çin, Şimali Koreya, İran və Pakistan hesab edilir.

Hesabata görə, bu ölkələrin hamısı həm nüvə, həm də adi döyüş başlıqları daşıya bilən müasir raket sistemləri üzərində işləyir. Xüsusilə, qitələrarası ballistik raketlər (QBR) sahəsində inkişaf diqqət mərkəzindədir.

ABŞ kəşfiyyatı proqnozlaşdırır ki, 2035-ci ilə qədər ABŞ ərazisini təhdid edən raketlərin sayı hazırkı 3 mindən çox göstəricidən 16 mindən artıq səviyyəyə çata bilər.

Sənəddə Pakistanın bu siyahıya ilk dəfə daxil edildiyi vurğulanır. Bildirilir ki, İslamabadın inkişaf etdirdiyi müasir raket texnologiyaları gələcəkdə ABŞ ərazisinə çata biləcək sistemlərin yaradılmasına imkan verə bilər.

Hesabatda həmçinin İranla bağlı qeyd olunur ki, Tehran ABŞ vətəndaşlarına qarşı əməliyyatlar aparmaq potensialını qoruyub saxlayır. Bununla belə, Tulsi Qabbard bildirib ki, İranın nüvə proqramı 2025-ci ilin iyununda həyata keçirilən “Gecəyarısı Çəkici” (“Midnight Hammer”) əməliyyatı zamanı ciddi zərbə alıb və o vaxtdan bəri bərpa olunmayıb.

Eyni zamanda, sənəddə qeyd edilir ki, Çin, Rusiya, İran və Şimali Koreya ABŞ-ı “strateji rəqib və potensial düşmən” kimi qiymətləndirir və müxtəlif vasitələrlə Amerikanın qlobal təsirini zəiflətməyə çalışırlar.