ABŞ hökuməti Harvardı tələbə qəbulu məlumatlarına görə məhkəməyə verdi

ABŞ federal hökuməti tələbə qəbulunda irqi ayrı-seçkilik araşdırması üçün istənilən məlumatların təqdim olunmaması səbəbindən Harvard Universitetinə qarşı iddia qaldırıb.

44

ABŞ-da federal hökumət tələbə qəbul proseslərində irqi əsaslı ayrı-seçkiliyin olub-olmadığının araşdırılması üçün tələb olunan məlumatları paylaşmadığı iddiası ilə Harvard University barəsində məhkəmə iddiası qaldırıb.

BBC-nin xəbərinə görə, ABŞ Ədliyyə Nazirliyi tərəfindən açılan iddiada bildirilib ki, vətəndaş hüquqları üzrə başladılan istintaq çərçivəsində universitetdən tələb olunan məlumatlar rəhbərlik tərəfindən təqdim edilməyib. Araşdırma tələbə qəbul siyasətində irqi meyarların tətbiq edilib-edilmədiyini müəyyənləşdirməyə yönəlib.

Harvard Universitetinin yaydığı açıqlamada isə federal hökumətin sorğularına xoş niyyətlə cavab verildiyi və hüquqi çərçivədə əməkdaşlığa açıq olduqları qeyd olunub. Açıqlamada vurğulanıb ki, qanunsuz müdaxilə qarşısında institusional müstəqillikdən və konstitusion hüquqlardan imtina edilməyəcək.

Məsələ ABŞ Prezidenti Donald Tramp ilə Harvard arasında davam edən gərginlik fonunda baş verir. Federal hökumət, o cümlədən Harvardın da daxil olduğu bir sıra universitetləri Fələstinə dəstək məqsədilə keçirilən kampus etirazları və müxtəliflik, bərabərlik və inklüzivlik proqramlarını əsas gətirərək federal maliyyəni dondurmaqla hədələmişdi.

Bu çərçivədə Ədliyyə Nazirliyi, Səhiyyə və İnsan Xidmətləri Nazirliyi, Təhsil Nazirliyi və Ümumi Xidmətlər Administrasiyasının iştirakı ilə “Antisemitizmlə Mübarizə üzrə İşçi Qrupu” yaradılıb.

Federal hökumət Harvard üçün ayrılmış 2,2 milyard dollarlıq vəsaitin və 60 milyon dollarlıq müqavilə məbləğinin dondurulmasına qərar verib. Universitet isə Tramp administrasiyasının bu addımının qanunsuz olduğunu bildirərək maliyyənin dayandırılmasının qarşısını almaq üçün məhkəməyə müraciət edib.

Donald Tramp fevralın 3-də Harvardla razılığa gəlmək üçün universitetdən 1 milyard dollar məbləğində təzminat tələb etdiklərini açıqlamışdı.