Süni intellekt qorxusu ABŞ fond bazarını çökdürdü

ABŞ fond bazarında əsas indekslər kəskin eniş yaşadı. "Citrini Research"-in süni intellektlə bağlı hesabatı "Dow Jones", "S&P 500" və "Nasdaq"-a təzyiq göstərdi.

40

ABŞ fond bazarında əsas indekslər ciddi itkilərlə üzləşib. Ticarət sessiyası zamanı ən böyük eniş “Dow Jones” sənaye indeksində qeydə alınıb – indeks 1,7 faiz və ya 822 bənd geriləyib. “S&P 500″ 1 faiz, “Nasdaq Composite” isə 1,1 faiz azalıb.

“The Wall Street Journal” yazır ki, enişin əsas səbəblərindən biri “Citrini Research” tədqiqat qrupunun süni intellektin iqtisadi və sosial təsirləri ilə bağlı yaydığı hesabat olub. Hesabatda 2028-ci ilin iyun ayına dair ssenari təqdim edilir və süni intellektin əmək məhsuldarlığını artırmaqla yanaşı, “ağ yaxalı” işçilər arasında kəskin rəqabət və kütləvi ixtisarlar yaradacağı bildirilir.

Sənədə əsasən, ilkin mərhələdə ofis işçilərinin ixtisarı bazar tərəfindən müsbət qarşılanacaq, şirkət marjaları və mənfəətləri artacaq, əməkhaqları isə azalacaq. Lakin sonrakı mərhələdə kütləvi işsizlik tələbi zəiflədəcək, istehlak xərcləri azalacaq, kredit defoltları artacaq və risklər sığorta və ipoteka bazarlarına keçəcək. Nəticədə bütöv sənaye sahələrinin çöküşü ehtimalı yaranacaq.

“Bloomberg” qeyd edir ki, bu proses “mənfi geribildirim dövrəsi” yaradır: şirkətlər xərcləri azaltmaq üçün işçi sayını azaldır, qənaət olunan vəsaiti süni intellektə yönəldir və bu da növbəti ixtisarlara yol açır.

Hesabatda süni intellektin ən çox təsir göstərə biləcəyi şirkətlər sırasında “DoorDash” xüsusi qeyd olunur. Bildirilir ki, süni intellekt əsaslı agentlər çatdırılma xərclərini kəskin azalda bilər. Bazar ertəsi “DoorDash” səhmləri 6,6 faiz ucuzlaşıb. “Datadog”, “CrowdStrike” və “Zscaler” səhmləri 9 faizdən çox dəyər itirib. “IBM”-in 13 faizlik enişi isə 2000-ci ildən bəri ən pis gündəlik göstərici olub. “Visa”, “Mastercard” və “American Express” kimi ödəniş nəhəngləri də 4–7 faiz aralığında geriləyib.

Qəzetin yazdığına görə, süni intellektlə bağlı narahatlıqlar Ağ Evin ticarət siyasəti ətrafında artan qeyri-müəyyənliklə üst-üstə düşərək bazarlara əlavə təzyiq göstərib. “Citrini Research”-in müəlliflərindən biri Alap Şah bazarın reaksiyasının gözləniləndən daha genişmiqyaslı olduğunu bildirib və vurğulayıb ki, qarşıdakı beş il ərzində ABŞ-də “ağ yaxalı” iş yerlərinin taleyi süni intellektin real təsirinin əsas göstəricisinə çevriləcək.