ABŞ-də milyarder Ceffri Epşteynə dair açıqlanan yeni sənədlərdə Rusiya Prezidenti Vladimir Putinin yerinə keçə biləcəyi ehtimal edilən şəxsin müzakirə olunduğu üzə çıxıb. Yetkinlik yaşına çatmayan qızlara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi qurmaqda ittiham edilərək həbs edilən və 2019-cu ildə həbsxanada ölü tapılan Epşteynlə bağlı sənədlər beynəlxalq diqqət çəkən məqamları üzə çıxarıb.
ABŞ Ədliyyə Nazirinin müavini Todd Blanş Epstein istintaqı ilə əlaqədar üç milyondan artıq yeni sənədin ictimaiyyətə açıqlanmasından sonra materiallarda Rusiya Prezidenti Vladimir Putinin adının çəkilməsi diqqət mərkəzinə düşüb.
11 yanvar 2012-ci il tarixli sənəddə həmin dövrdə Rusiya parlamentinin aşağı palatası olan Dövlət Dumasının deputatı olmuş İlya Ponomaryovun “dövlət başçısına qarşı mümkün üsyanın əsas təşkilatçılarından biri” kimi təqdim edildiyi qeyd olunub.
Sənəddə “Əgər öldürülməzsə, Putin yerinə keçərək prezident ola bilər, bu gec-tez baş verəcək” ifadəsinə yer verildiyi bildirilir. Rusiya mətbuatında dərc olunan məlumatlara görə, Ponomaryov 2016-cı ilin iyununda Ukraynadan yaşama icazəsi alıb, 2019-cu ildə isə Ukrayna vətəndaşlığına keçib. Onun barəsində Rusiyada açılmış bir neçə cinayət işi mövcuddur.
Açıqlanan sənədlərdə Ukrayna Prezidenti Volodimir Zelenskinin adı da çəkilir. Epşteynə 2019-cu ildə göndərilən elektron məktublardan birində “Zelenski kömək axtarır. Putin isə onun israillilər tərəfindən idarə edildiyini deyərək aşağılayıcı münasibət sərgiləyir” ifadəsinin yer aldığı bildirilir.
Ceffri Epşteyn işi ABŞ və dünya ictimaiyyətində uzun müddət müzakirə mövzusu olub. Yaşı 14-dən yuxarı olmaqla onlarla azyaşlı qıza qarşı cinsi istismar və fahişəlik şəbəkəsi yaratmaqda ittiham edilən Epstein 10 avqust 2019-cu ildə Nyu Yorkun Manhetten bölgəsində yerləşən Metropoliten Təcridxanasındakı kamerasında ölü tapılmışdı.
Açıqlanan məhkəmə sənədlərində ABŞ Prezidenti Donald Tramp, sabiq ABŞ Prezidenti Bill Klinton, keçmiş İsrailin baş naziri Ehud Barak, keçmiş vitse-prezident Al Qor, aktyor Kevin Speysi, müğənni Maykl Cekson, illüziyaçı Devid Koperfild, hüquqşünas Alan Derşovits və sabiq Nyu-Meksiko qubernatoru Bill Riçardson kimi tanınmış şəxslərin adları çəkilmişdi.
ABŞ Federal Təhqiqat Bürosu və Ədliyyə Nazirliyinin apardığı araşdırmanın nəticəsində isə Epsteinin guya nüfuzlu şəxslərdən ibarət “müştəri siyahısı” saxlamasına dair sübut tapılmadığı, onun öldürüldüyü iddialarının təsdiqini tapmadığı və həbsxana kamerasında intihar etdiyi qənaətinə gəlinmişdi.