ABŞ-ın Massaçusets ştatında Massaçusets Texnologiya İnstitutunda (MIT) çalışan nüvə alimi Nuno F. Gomeş Lureyro evində silahlı hücum nəticəsində ağır yaralanaraq xəstəxanada həyatını itirib.
Bruklin polisi və MTİ rəsmilərinin verdiyi məlumata görə, 47 yaşlı portuqal əsilli nüvə elmləri və mühəndisliyi professoru bazar ertəsi axşam saatlarında evində bir neçə güllə yarası almış vəziyyətdə tapılıb. Hadisə ilə bağlı polisə daxil olan çağırışdan sonra alim təcili tibbi yardım maşını ilə Boston şəhərindəki xəstəxanaya çatdırılıb.
Həkimlərin bütün səylərinə baxmayaraq, Lureyro çərşənbə axşamı səhər saatlarında dünyasını dəyişib. Norfolk dairəsinin prokurorluğu fakt üzrə cinayət işi başladıb. Hücumu törədən şəxs və ya şəxslər hələlik müəyyən edilməyib.
Hadisə ətrafında sui-qəsd ehtimalı da müzakirə olunur. Alimin qonşularından biri həmin axşam üç güclü partlayış səsi eşitdiyini və qapının sındırıldığını xatırladığını bildirib. Bu ifadələr istintaqın diqqət mərkəzindədir.
Nuno F. Gomeş Lureyro nəzəri fizika və füzyon elmləri sahəsində tanınmış alim idi. O, xüsusilə “maqnitləşdirilmiş plazma dinamikası” üzrə apardığı tədqiqatlarla elmi mükafatlara layiq görülmüşdü. Bu sahə yüklü hissəciklərin maqnit sahəsində hərəkət mexanizmini öyrənir və təmiz enerji texnologiyaları baxımından strateji əhəmiyyət daşıyır.
MTİ yayımladığı başsağlığı açıqlamasında Lureyronun elmi fəaliyyətinin füzyon reaktorlarının əsas problemlərindən tutmuş kainat miqyasında gedən proseslərə qədər geniş sahəni əhatə etdiyini vurğulayıb. Universitet mərhum alimin ailəsinə, tələbələrinə və həmkarlarına dərin hüznlə başsağlığı verib, kampus daxilində psixoloji dəstək tədbirlərinin görüldüyünü açıqlayıb.
CBS telekanalının məlumatına görə, Lureyro iqlim dəyişikliyi ilə mübarizədə təmiz füzyon enerjisindən istifadənin mümkünlüyü üzərində də fəal şəkildə çalışırdı.
İstintaq davam edir.