ABŞ-da azyaşlı qızlara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi qurmaqda ittiham olunan, sonradan ölü tapılan milyarder Ceffri Epşteynə (Jeffrey Epstein) aid sənədlərin ictimaiyyətə açıqlanmasından qısa müddət sonra onların bir hissəsinin girişdən çıxarıldığı bildirilib.
ABŞ mətbuatında yer alan xəbərlərə görə, ABŞ Ədliyyə Nazirliyi tərəfindən yayımlanaraq dünənə qədər yüklənə bilən bəzi fayllar hazırda əlçatan deyil.
Məlumatlarda qeyd olunur ki, “Epşteyn Kitabxanası” adlı internet saytında bu gün etibarilə bir neçə onlarla fayla giriş mümkün deyil. Girişdən çıxarılan sənədlər arasında ABŞ Prezidenti Donald Trampın yer aldığı bəzi fotoşəkillər də var.
Silinmiş materiallar arasında Tramp tərəfindən imzalanmış 22 min 500 dollar məbləğində böyük ölçülü çekin fotosunun olduğu da vurğulanır. Bundan əlavə, aralarında “çılpaqlıq elementləri olanlar da daxil olmaqla” müxtəlif sənət əsərlərinin yer aldığı faylların da girişdən çıxarıldığı bildirilir.
ABŞ Ədliyyə Nazirliyi öz internet səhifəsində yayımlanmaması lazım olan sənədlərlə bağlı ictimaiyyətə müraciət edərək, bu cür materialların xüsusi elektron poçt ünvanı vasitəsilə quruma bildirilməsini istəyib.
Saytda yerləşdirilən açıqlamada deyilir ki, ABŞ Konqresinin müəyyən etdiyi son tarix nəzərə alınmaqla, zərərçəkənlərin və digər şəxslərin şəxsi məlumatlarının qorunması, həssas materialların gizlədilməsi və ictimaiyyətə açıqlanmamasını təmin etmək üçün bütün mümkün tədbirlər görülüb.
Ədliyyə Nazirliyi isə sənədlərin niyə artıq əlçatan olmadığı ilə bağlı mediadan gələn sorğulara hələlik cavab verməyib.
ABŞ Konqresinin Nümayəndələr Palatasının Demokrat üzvü Ro Xanna və Respublikaçı konqresmen Tomas Messi “X” üzərindən paylaşım edərək, sənədlərin girişdən çıxarılmasını tənqid ediblər.