ABŞ-da banklar 2026-cı ildə kredit tələbinin artacağını proqnozlaşdırır

ABŞ Mərkəzi Bankı Fed-in hesabatına görə, 2026-cı ildə aşağı faiz gözləntiləri və artan investisiya ehtiyacları səbəbindən ölkədə kredit tələbi yüksələcək.

44

ABŞ Mərkəzi Bankı (Federal Ehtiyat Sistemi – Fed) ölkədə fəaliyyət göstərən bankların 2026-cı il ərzində kredit tələbinin artacağını proqnozlaşdırdıqlarını açıqlayıb.

Fed-in yaydığı məlumata görə, aşağı faiz dərəcələri gözləntiləri, eləcə də artan xərcləmə və investisiya ehtiyacları kreditlərə marağın yüksəlməsində əsas amillər kimi qiymətləndirilir.

Nyu Yorkda yerləşən Fed-in açıqladığı “Baş Kredit Məmurları Sorğusu” (Senior Loan Officer Opinion Survey) hesabatı ABŞ-daki 60 yerli bank və 18 xarici bank filialından alınan cavablar əsasında hazırlanıb. Hesabatda bildirilir ki, bankların əksəriyyəti bu il kreditlərin əksər kateqoriyaları üzrə kreditləşmə standartlarının dəyişməz qalacağını gözləyir.

Sənəddə qeyd olunur ki, bankların əhəmiyyətli bir hissəsi 2026-cı il ərzində bütün ölçüdə şirkətlərə verilən ticarət və sənaye kreditlərinə, kənd təsərrüfatı xaricində və yaşayış olmayan daşınmaz əmlakla təmin edilmiş kreditlərə, həmçinin yaşayış sahələri üzrə ipoteka kreditlərinə tələbin artacağını proqnozlaşdırır. Eyni zamanda, bəzi banklar bütün kredit növləri üzrə ümumi tələbin yüksələcəyini bildiriblər.

Fed-in hesabatında vurğulanır ki, faiz dərəcələrinin azalacağına dair gözləntilər, eləcə də, daha yüksək xərcləmə və investisiya ehtiyacları kredit tələbinin artmasında həlledici rol oynayır. Bununla yanaşı, 2026-cı ildə kredit keyfiyyəti ilə bağlı gözləntilərin kredit növlərindən asılı olaraq fərqləndiyi də qeyd edilir.

Qeyd edək ki, Fed ötən həftə pul-kredit siyasəti üzrə əsas faiz dərəcəsini bazar gözləntilərinə uyğun olaraq 3,5–3,75 faiz aralığında sabit saxlamışdı.