Qrenlandiyada siyasi partiya liderləri ABŞ Prezidenti Donald Trampın adanın taleyinə dair bəyanatlarına qarşı kəskin reaksiya verərək, adanın gələcəyinə xarici müdaxilələrin yolverilməz olduğunu açıqlayıblar.
Danimarka Krallığına tabe muxtar bölgə olan Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen və digər dörd siyasi liderin birgə bəyanatında, “Amerikalı olmaq istəmirik, danimarkalı da olmaq istəmirik, biz qrenlandiyalıyıq” ifadələri yer alıb və gələcək qərarların yalnız Qrenlandiya xalqı tərəfindən verilə biləcəyi qeyd edilib.
Liderlər ABŞ-ın yanaşmasına etirazlarını ifadə edərək ölkələrinin taleyinin xarici təzyiq və müdaxilədən azad şəkildə müəyyənləşdirilməsini tələb ediblər və ABŞ-ın bu mövzuda hörmətli davranmasını istəyiblər. Bəyanata keçən ilin seçkilərindən sonra baş nazirlik postunu Nilsenə verən sabiq Baş nazir Mute Egede də imza atıb və o da əvvəlki çıxışlarında “Nə amerikalıyıq, nə də danimarkalı; biz Kalaallitik” deyərək yerli kimliyi vurğulayıb.
Danimarka Baş naziri Mette Frederiksen isə ABŞ-ın Qrenlandiyanı ələ keçirməsinin NATO üçün ciddi təhlükə yaradacağını, bir NATO ölkəsinin digərinə qarşı hərəkətinin isə ikinçi dünya müharibəsindən sonra yaranmış təhlükəsizlik sisteminə zərbə vuracağını bildirib. Təxminən 57 min nəfər əhalisi olan və xarici siyasət və müdafiə sahələrində Danimarkaya bağlı olan Qrenlandiya uzun illər ABŞ hərbi qüvvələrinin də yerləşdiyi strateji bir bölgədir.
Qeyd: Mute Egedenin sitaındakı “Kalaallit”, Qrenlandiyanın yerli əhalisi olan inuitlərin özlərinə verdikləri addır. İnuitlərin dili Kalaallisut adlanır. Bu baxımdan tez-tez işlədilən “Kalaallit Nunaat” ifadəsi Qrenlandiyanın yerli dilində “Kalaallitin ölkəsi”, yəni Qrenlandiya deməkdir.