Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Nazirlər Kabineti Beştepe Prezident Kompleksində toplanıb. Toplantı çərçivəsində ölkənin daxili və xarici siyasətinə dair mühüm məsələlər müzakirə edilib və ilin ilk kabinet görüşü kimi qiymətləndirilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciət edib. Çıxışında regional və qlobal proseslərə toxunan Ərdoğan bildirib ki, Türkiyə beynəlxalq hüququ pozan heç bir hərəkəti qəbul etmir və həm öz maraqları, həm də dost Venesuela xalqı üçün ən doğru olanı etməyə çalışır.
Prezident Ərdoğan dünyada, regionda və ölkə daxilində mühüm hadisələrin baş verdiyi bir ili geridə qoyduqlarını qeyd edərək, 2026-cı ilin Türkiyə dövləti, türk xalqı və bütün insanlıq, xüsusilə də məzlum xalqlar üçün xeyirli olmasını arzulayıb. O, 2025-ci il ərzində ölkənin inkişafı və rifahı üçün çalışan hər kəsə təşəkkür edib, vətənin təhlükəsizliyi naminə həyatını itirən şəhidlərin xatirəsini ehtiramla yad etdiklərini, qazilərə minnətdar olduqlarını vurğulayıb.
Ərdoğan Türkiyənin 86 milyonluq əhalisi və xaricdə yaşayan milyonlarla vətəndaşı ilə böyük bir ailə olduğunu deyərək, ölkə daxilində və xaricində yaşayan bütün vətəndaşların bir-birindən ayrılmaz olduğunu bildirib. O, fərqli siyasi baxışlara, mənşəyə və məzhəblərə baxmayaraq, hamının eyni vətənin övladları olduğunu və milli birliyin qorunmasının əsas şərt olduğunu qeyd edib.
Prezident çıxışında mərhum Mehmet Akif Ərsoyun fikirlərinə istinad edərək, daxili parçalanmanın dövlətlər üçün ən böyük təhlükə olduğunu vurğulayıb və Türkiyəyə qarşı qurulan təxribatlara imkan verilməyəcəyini bildirib. Ərdoğan qeyd edib ki, ölkəni zəiflətmək istəyən dairələr hər zaman mövcud olub, lakin Türkiyə bu oyunlara uymayacaq və milli həmrəyliyini qoruyacaq.
Terrorla mübarizə mövzusuna toxunan Ərdoğan, İŞİD, PKK, FETÖ və digər terror təşkilatlarının Türkiyəyə qarşı istifadə edilən alətlər olduğunu bildirib. Onun sözlərinə görə, təhlükəsizlik qüvvələrinin mübarizəsi, müdafiə sənayesində əldə edilən nailiyyətlər və həyata keçirilən islahatlar sayəsində Türkiyə terror bəlasından tam qurtulmaq üçün mühüm fürsət əldə edib və bu proses qətiyyətlə davam etdiriləcək.
2026-cı ilin ilk Nazirlər Kabineti iclasının keçirildiyini bildirən Prezident Ərdoğan, təhlükəsizlik, xarici siyasət, iqtisadiyyat və sosial sahələr üzrə mühüm qərarların qəbul edildiyini deyib. Türkiyənin beynəlxalq arenada başı dik şəkildə hərəkət etdiyini vurğulayan Ərdoğan, ölkənin hüquq və maraqlarını heç kimdən çəkinmədən müdafiə etdiklərini bildirib.
Xarici siyasətə toxunan Ərdoğan qeyd edib ki, Türkiyə dünyanın harasında olmasından asılı olmayaraq ədalətsizliyə, qanunsuzluğa və zülmə qarşı mövqeyini açıq şəkildə ortaya qoyur. O, müxalifətin xarici siyasətdə tutarsız mövqe sərgilədiyini iddia edərək, Türkiyənin milli maraqlarını zəiflədən davranışları tənqid edib.
Prezident Ərdoğan Venesuela ilə bağlı məsələyə xüsusi toxunaraq bildirib ki, Türkiyə siyasi legitimliyi və beynəlxalq hüququ pozan heç bir addımı qəbul etmir. O vurğulayıb ki, Venesuela məsələsində həm Türkiyə, həm də dost Venesuela xalqı üçün ən doğru və ən faydalı qərarların verilməsi üçün səylər davam etdirilir. Ərdoğan, Venesuela Prezidenti Nikolas Maduronun və Venesuela xalqının Türkiyəyə dost münasibətini dəfələrlə sübut etdiyini qeyd edib və iki ölkə arasında çətin günlərdə həmrəyliyin önəmli olduğunu bildirib.
Çıxışında ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığını xatırladan Ərdoğan, Türkiyənin həssas mövqelərini ona çatdırdıqlarını və Venesuelanın qeyri-sabitliyə sürüklənməsinin yolverilməz olduğunu vurğuladıqlarını deyib. O əlavə edib ki, ölkələrin suveren hüquqlarının pozulması və beynəlxalq hüququn tapdanması qlobal miqyasda ciddi risklər yarada bilər.
Prezident Ərdoğan, eyni zamanda, iqtisadi göstəricilərə də toxunaraq, illik inflyasiyanın son 49 ayın ən aşağı səviyyəsinə endiyini və bu göstəricinin daha da yaxşılaşdırılacağını bildirib. Təhsil sahəsində dəstək tədbirlərindən danışan Ərdoğan, tələbə təqaüd və kreditlərinin artırıldığını açıqlayıb.