ABŞ qüvvələrinin Venesuela Prezidenti Nikolas Maduronu həbs edərək, ABŞ-a aparması, təkcə Latın Amerikası üçün deyil, bütövlükdə beynəlxalq sistem üçün ciddi geosiyasi nəticələr vəd edir. Hadisə 1989-cu ildə Panamada Manuel Noryeqanın devrilməsindən sonra ABŞ-nin regionda ilk birbaşa hərbi müdaxiləsi kimi tarixə düşür.
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Akşin Kərimov bu addımı Donald Tramp administrasiyasının yeni dünya nizamında daha sərt və riskli strategiyalara üstünlük verdiyinin göstəricisi kimi qeyd edir.

1.ABŞ 1989-cu ildə Panamaya hücum edərək o vaxtkı hərbi lider Manuel Noryeqanı devirdikdən bu yana Latın Amerikasına birbaşa hərbi müdaxilə etməyib. Venesuela Prezidenti Nikolas Maduronun ABŞ tərəfindən saxlanılması Donald Trampın dünya hegemonluğu üçün daha fərqli və cəsarətli addımlar atdığını kodlaşdırır. Bu, yeni dünya nizamındakı mərtəbələrdən biridir və ehtimalla:
- ABŞ, Rusiya və Çin çoxqütblü dünya meyarlarının meydana gəlməsinin ardınca yeni qlobal geostrateji bölgü həyata keçirir. Əks təqdirdə, Venesuelanın silah arsenalında mühüm rol oynayan Çin və Rusiya ABŞ-nin bu cür müdaxiləsinə imkan və şərait yaratmazdı.
- Venesuela Çin texnologiyası üçün bazardır. Venesuela silahlarının çoxu Çin istehsalıdır və telekommunikasiya infrastrukturu əsasən Çin komponentlərinə əsaslanır.
- Rusiya Venesuelanın ən böyük silah təchizatçısıdır və Karib regionu ümumiyyətlə Rusiyanın ABŞ-na meydan oxuması üçün geosiyasi meydançalardan əhəmiyyətlisi idi
2. Venesuela hadisəsi Rusiyanın Ukraynaya hücum üçün irəli sürdüyü hekayələrə ABŞ tərəfindən dəstək verilməsi təəssüratlarını gücləndirə bilər. Yəni Rusiya bundan sonra Maduronun həbsi üçün ABŞ-nin arqumentlərini Kremlin hekayələri ilə uyğunlaşdırmaq taktikası ilə informasiya əməliyyatlarını gücləndirəcək. ABŞ ilə Rusiyanın ehtimal edilən razılıqları bu minvalla davam edərsə, Moskva Ağ Evdən Ukraynanı güzəştə getməsi üçün əlavə tələblər irəli sürəcək.
- Rusiya İran və İsrail arasında sensasion moderatorluq öhdəliyini götürmək üçün ABŞ-dan icazə alıb. Artıq Rusiyanın İran və İsrail arasında dolayı yollarla vasitəçilik etdiyinə dair ciddi sayıla biləcək informasiyalar yayılır.
- Rusiya bununla İranda böyük bir təsir dairəsi yaratmaq planlarını icra etmək istəyir. Lakin bunun Kreml üçün geosiyasi üstünlük qazandıracağı sual altındadır. Ona görə ki, nə İsrail, nə də ABŞ İranla əlaqədar fundamental strateji maraqlarını geri çəkib.
Venesuelada Nikolas Maduronun ABŞ tərəfindən saxlanılması təkcə regional hadisə deyil, böyük güclər arasında yeni, sərt və razılaşdırılmış geosiyasi bölgünün siqnalıdır. Bu addım ABŞ-nin klassik qaydalardan kənara çıxaraq güc siyasətini açıq şəkildə önə çəkdiyini, Rusiya və Çinin isə müəyyən istiqamətlərdə taktiki geriçəkilmələrə getdiyini göstərir. Hadisə Ukrayna, Tayvan və İran kimi həssas bölgələr üçün təhlükəli presedent yaradır və beynəlxalq sistemin daha riskli, güc balansına əsaslanan yeni mərhələyə daxil olduğunu təsdiqləyir.
Analitik şərh| Akşin Kərimov, STM-nin əməkdaşı