ABŞ-ın şənbə günü Venesuelaya endirdiyi hərbi zərbələr və prezident Nikolas Maduronun ələ keçirildiyi barədə açıqlamadan sonra beynəlxalq aləmdə geniş və ziddiyyətli reaksiyalar verilib. Bir sıra ölkələr və beynəlxalq aktorlar bu addımı beynəlxalq hüququn pozulması kimi qiymətləndirərək gərginliyin azaldılmasına çağırıb.
Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Venesuelaya qarşı “silahlı təcavüz” etdiyini bildirib və bunu dərin narahatlıq doğuran, qınanmalı addım kimi xarakterizə edib. Moskva vurğulayıb ki, bu cür hərəkətləri əsaslandırmaq üçün irəli sürülən bəhanələr əsassızdır və ideoloji düşmənçilik praqmatik yanaşmanı üstələyib. Rusiya tərəfi vəziyyətin daha da gərginləşməsinin qarşısının alınmasının vacibliyini qeyd edərək, dialoqa çağırıb və Venesuelanın xarici, xüsusən, hərbi müdaxiləsiz öz taleyini müəyyən etmək hüququnun təmin olunmasını istəyib. Rəsmi Moskva Venesuela və Latın Amerikası liderlərinin BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılması ilə bağlı müraciətini dəstəklədiyini açıqlayıb.
Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, Aİ vəziyyəti yaxından izləyir. O, Maduronun legitimliyinin Aİ tərəfindən tanınmadığını xatırladaraq, hər bir halda beynəlxalq hüquq və BMT Nizamnaməsinin prinsiplərinə əməl olunmalı olduğunu vurğulayıb və tərəfləri təmkinli olmağa çağırıb.
Çili prezidenti Qabriel Borik ABŞ-ın Venesueladakı hərbi əməliyyatlarını qınadığını bəyan edərək, ölkədəki ağır böhranın yalnız sülh yolu ilə həllinin mümkün olduğunu bildirib. Çili hökuməti gücdən istifadənin yolverilməzliyi, daxili işlərə qarışmamaq və dövlətlərin ərazi bütövlüyü kimi beynəlxalq hüququn əsas prinsiplərinə sadiqliyini bir daha təsdiqləyib.
Kolumbiya prezidenti Qustavo Petro son saatlarda Venesuelada partlayışlar və qeyri-adi hava fəaliyyəti barədə məlumatların regionda gərginliyi artırdığını deyib. Kolumbiya hökuməti birtərəfli hərbi addımları rədd etdiyini və mülki əhalini riskə atan hər cür əməliyyata qarşı olduğunu açıqlayıb.
İranın ali dini lideri Ayətullah Əli Xamenei çıxışında “düşmənin zorla iradə diqtə etməyə çalışdığı hallarda müqavimətin zəruri olduğunu” bildirib və təslim olmayacaqlarını vurğulayıb.
İspaniya Xarici İşlər Nazirliyi vəziyyətin gərginləşməsinin qarşısının alınmasına, beynəlxalq hüquq və BMT Nizamnaməsi çərçivəsində davranmağa çağırıb və böhranın sülh yolu ilə həlli üçün vasitəçilik etməyə hazır olduğunu bildirib.
Trinidad və Tobaqonun baş naziri Kamla Persad-Bissessar ölkəsinin Venesuela ərazisində aparılan hərbi əməliyyatlarda iştirak etmədiyini və Venesuela xalqı ilə dinc münasibətləri davam etdirdiyini vurğulayıb.
Almaniyanın mühafizəkar Xristian Demokrat İttifaqından olan deputat Roderix Kizevetter ABŞ-ın bu addımını 1945-ci ildən bəri mövcud olan qaydalara əsaslanan beynəlxalq nizamdan uzaqlaşma kimi qiymətləndirib və bunun Vaşinqtona olan etimadı sarsıtdığını deyib.
Britaniyanın “Reform UK” Partiyasının lideri Naycel Faraj ABŞ-ın addımlarını qeyri-ənənəvi və beynəlxalq hüquqa zidd adlandırsa da, bunun Çin və Rusiyaya təsir göstərə biləcəyini qeyd edib və Venesuela xalqının Madurodan sonrakı dövrdə yeni səhifə aça biləcəyinə ümid etdiyini bildirib.
İtaliyanın müxalifət lideri və sabiq baş nazir Cüzeppe Konte ABŞ-ın Venesuelaya qarşı hərbi müdaxiləsinin hüquqi əsasının olmadığını, bunun beynəlxalq hüququn açıq pozuntusu olduğunu deyib və belə presedentlərin qlobal təhlükəsizliyi zəiflətdiyini vurğulayıb.
Londondakı “Chatham House” beyin mərkəzinin beynəlxalq hüquq üzrə proqram direktoru Mark Veller bildirib ki, beynəlxalq hüquq gücdən milli siyasət aləti kimi istifadəyə icazə vermir və BMT mandatı olmadan Venesuelaya qarşı əməliyyatın heç bir hüquqi tələbi ödəmədiyi aydındır.
İndoneziya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarının təhlükəsizliyini izlədiyini, bütün tərəfləri gərginliyin azaldılmasına, dialoqa və mülki əhalinin qorunmasına çağırdığını bəyan edib.
Belarus Xarici İşlər Nazirliyi Venesuelaya qarşı silahlı təcavüzü qətiyyətlə pisləyərək bunu beynəlxalq sülh və təhlükəsizlik üçün birbaşa təhdid adlandırıb və Venesuela xalqının öz taleyini müəyyən etmək hüququnun toxunulmaz olduğunu vurğulayıb.
Livanın silahlı qruplaşması “Hizbullah” da ABŞ-ın hərəkətlərini “təcavüz” kimi dəyərləndirərək Venesuela hökuməti və xalqı ilə həmrəy olduğunu bəyan edib.