Azərbaycan “İbrahim Sazişləri”nə qoşulmur: İsrail və Türkiyə ilə münasibətlərə necə təsir edəcək?

Ekspert Novruzəli Yusubzadə “İbrahim Sazişləri”nə qoşulmamağın İsrail və Türkiyə ilə münasibətlərə təsirini şərh edir.

102

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun açıqlamaları son günlər beynəlxalq diqqət mərkəzinə düşüb. Nazir müsahibəsində qeyd edib ki, “İbrahim Sazişləri” yalnız İsraillə münasibəti olmayan ərəb ölkələri üçün nəzərdə tutulub və Azərbaycanın bu sazişə qoşulması “məqbul variant deyil”:

“Azərbaycanla İsrail arasında münasibətlər uzun tarixə və çoxşaxəli məzmuna malikdir. Bu baxımdan Azərbaycanın bu anlaşmaya qoşulması sazişlərin imzalanma məntiqinə ziddir. Yəhudi xalqı ilə Azərbaycan xalqı arasında tarixi münasibətlər mövcuddur”.

Nazirin açıqlamalarına dair MSNews.az-ın suallarını cavablandıran Qafsam eksperti Novruzəli Yusubzadə isə məsələyə strateji baxımdan yanaşıb. Yusubzadə bildirir ki, Azərbaycanın mövqeyi İsrail ilə münasibətlərə zərər verməyəcək:

“Azərbaycan artıq böyük regionun obyekti olmaqdan çıxıb, subyekti kimi öz milli maraqlarına əsaslanan xarici siyasət xətti yürüdür. Bu addım İsrail ilə münasibətlərə zərər verməz. Sadəcə müəyyən səthi soyumalar yarana bilər. İsrail ilə Azərbaycan münasibətləri emosionallıqdan daha dərin, strukturlaşmış formaya keçib. Bunu tərəflərin çətin vəziyyətlərində bir-birlərinə dəstəyindən görmək mümkündür”.

Ekspert vurğulayır ki, Azərbaycan üçün Türkiyə ilə münasibətlər hər şeydən öncə prioritetdir:

“Mövzu qardaş Türkiyədirsə, Azərbaycanın ikinci seçimi yoxdur. İsrail-Türkiyə münasibətlərinin normallaşması üçün Azərbaycan uzun müddət həm açıq, həm qapalı səylər göstərdi. Bunun mümkün olmadığı zaman isə təbii olaraq, Türkiyəni seçəcəyini açıq bildirdi. Mövcud siyasi reallıq ondan ibarətdir ki, Türkiyə-Azərbaycan tandeminin yaratdığı aura ABŞ üçün vazkeçilməzdir. Bu səbəbdən İsrail bunu anlayıb, Türkiyə ilə gərginliyi nisbətən düşürdə bilər”.

Yusubzadə hesab edir ki, “İbrahim Sazişləri” artıq ilkin məqsədini itirib və region dövlətləri üçün müasir siyasət reallığına uyğun deyil:

“Bu gün həm dünya siyasəti dəyişib, həm də bu format öz quruluş qayəsini itirib. Sözsüz ki, regionun önəmli dövlətlərindən biri olan Azərbaycan bu formatda olmaq istəmir. Buna həm ehtiyac yoxdur, çünki İsrail və ABŞ ilə qarşılıqlı əlaqələr yüksələn xətlə davam edir”.

Beləliklə, Azərbaycan “İbrahim Sazişləri”nə qoşulmaqdan imtina etməklə həm İsrail ilə mövcud strateji tərəfdaşlığı qoruyur, həm də Türkiyə ilə prioritetli münasibətlərini önə çıxarır. Ekspertin fikrincə, bu siyasət Azərbaycanın regionda subyekt kimi mövqeyini gücləndirir və beynəlxalq arenada balanslı xarici siyasət xəttini nümayiş etdirir.