Çin bazar ertəsi Tayvan ətrafında genişmiqyaslı hərbi təlimlərə başlayıb. “Ədalət Missiyası–2025” adlanan manevrlər çərçivəsində Çin Xalq Azadlıq Ordusu (XAO) qoşunlar, döyüş gəmiləri, qırıcı təyyarələr və artilleriya cəlb etməklə real döyüş atışları həyata keçirib. Tayvan isə buna cavab olaraq qüvvələrini səfərbər edib və ABŞ istehsalı olan silah sistemlərini nümayiş etdirərək mümkün hücumun dəfini məşq etdiyini açıqlayıb.
Çinin Şərq Teatr Komandanlığı bildirib ki, Tayvan boğazının şimal və cənub-qərb istiqamətlərində qüvvələr cəmləşdirilib, quru və dəniz hədəflərinə qarşı simulyasiya edilmiş zərbələr endirilib. Açıqlamaya görə, təlimlər çərşənbə axşamı da davam edəcək və adanın əsas limanlarının blokadası, eləcə də, Tayvanın mühasirəyə alınması ssenariləri məşq olunacaq.
Tayvanın yüksək rütbəli təhlükəsizlik rəsmisi “Reuters“-ə bildirib ki, onlarla Çin hərbi gəmisi və təyyarəsi adanın ətrafında fəaliyyət göstərir, bəziləri isə qəsdən Tayvan sahillərindən 24 dəniz mili məsafədə yerləşən bitişik zona həddinə yaxınlaşıb.
Bu, 2022-ci ildən — ABŞ Konqresinin keçmiş sədri Nensi Pelosinin Tayvana səfərindən sonra — Çinin adaya qarşı keçirdiyi altıncı böyük hərbi təlim dalğasıdır. Son gərginlik həmçinin Yaponiya Baş naziri Sanae Takaiçinin Çinin Tayvana mümkün hücumunun Tokionun hərbi cavabını doğura biləcəyi ilə bağlı hipotetik açıqlamalarından sonra Pekinin ritorikasının sərtləşməsi fonunda baş verir.
Təlimlər ABŞ-ın Tayvana 11,1 milyard dollar dəyərində silah satışı elan etməsindən 11 gün sonra başlayıb. Bu, ada üçün indiyədək açıqlanan ən böyük silah paketidir və Pekinin müdafiə nazirliyinin kəskin etirazına, həmçinin “qəti tədbirlər görüləcəyi” barədə xəbərdarlıqlara səbəb olub.
Analitiklər bildirirlər ki, Pekin bu cür təlimlərlə adi hərbi məşqlərlə real hücuma hazırlıq arasındakı sərhədi getdikcə daha çox bulanıqlaşdırır. Bu strategiya ABŞ və onun müttəfiqlərinə mümkün hücumla bağlı minimum xəbərdarlıq verməyə hesablanıb.
Şərq Teatr Komandanlığının sözçüsü Şi Yi bildirib ki, bu təlimlər “Tayvan müstəqilliyi tərəfdarlarına və xarici müdaxilə qüvvələrinə ciddi xəbərdarlıqdır”.
Tayvan hökuməti təlimləri kəskin şəkildə pisləyib. Müdafiə Nazirliyi “Facebook” səhifəsində müxtəlif silah sistemlərini, o cümlədən ABŞ istehsalı olan HIMARS reaktiv yaylım atəş sistemlərini nümayiş etdirən video paylaşıb. Təxminən 300 km mənzilli bu sistemlər münaqişə zamanı Çinin Fuczyan əyalətində sahilyanı hədəfləri vura bilər.
Tayvan Sahil Mühafizəsi də Çin sahil mühafizə gəmilərinin fəaliyyətinə cavab olaraq iri gəmilərini bölgəyə göndərdiyini, dəniz yollarına və balıqçılıq sahələrinə təsirin minimuma endirilməsi üçün ordu ilə birgə çalışdığını açıqlayıb.
Adanın mülki aviasiya qurumu isə Çinin Taypey hava məkanında çərşənbə axşamı üçün 10 saatlıq “müvəqqəti təhlükə zonası” elan etdiyini və alternativ uçuş marşrutlarının müəyyənləşdirildiyini bildirib.
Tayvan Müdafiə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində iki Çin hərbi təyyarəsi və 11 gəmi adanın ətrafında müşahidə olunub. Tayvan ordusu yüksək hazırlıq rejiminə keçib və “sürətli reaksiya təlimləri” keçirməyə hazırdır. Bu təlimlər Çinin qəfil hərbi məşqi real hücuma çevirməsi ehtimalına qarşı qüvvələrin dərhal yer dəyişməsini nəzərdə tutur.
“Silahlı Qüvvələrimizin bütün üzvləri demokratiya və azadlıq dəyərlərini qorumaq üçün yüksək ayıqlıq və tam hazırlıq nümayiş etdirəcək,” – deyə nazirlik bəyan edib.
Buna baxmayaraq, Tayvan fond bazarları təlimlərdən təsirlənməyib və səhər ticarətində 0,8% artaraq tarixi maksimuma yüksəlib.
Taypey sakini, 31 yaşlı müəllim Lin Vey-min “Reuters”-ə bildirib ki, bu təlimlər daha çox qorxutma xarakteri daşıyır:
“Bənzər təlimlər əvvəllər də olub. Siyasi tərəfi isə yalnız hazırkı hökumətin necə reaksiya verməsindən asılıdır.”
Tayvan Çinin suverenlik iddialarını rədd edir və adanın gələcəyinə yalnız Tayvan xalqının qərar verə biləcəyini bildirir.
Çin ordusu təlimlərlə paralel olaraq “Ədalət Qalxanları: İllüziyaların Dağıdılması” və “Ədalət Oxları: Nəzarət və Məhdudlaşdırma” adlı iki plakat, eləcə də adanın müxtəlif nöqtələrində hədəflərin kilidləndiyini göstərən qrafik yayımlayıb.
Çinin dövlət televiziyası bildirib ki, təlimlər Tayvanın şimalındakı Kilunq və cənubdakı Kaohsiunq limanlarının – adanın ən mühüm limanlarının – bağlanmasına fokuslanacaq.
Keçən il də liman blokadaları məşq edilsə də, bu dəfə Çin ilk dəfə açıq şəkildə bu təlimlərin xarici hərbi müdaxiləni çəkindirməyə yönəldiyini bəyan edib.
Çin lideri Si Cinpin noyabrda ABŞ Prezidenti Donald Trampa bildirib ki, Tayvanın İkinci Dünya müharibəsindən sonra “Çinə qayıtması” Pekinin qlobal nizam baxışının mərkəzi elementidir.