Xaçmaz rayonunda təhsilverənlərin intellektual potensialının artırılması və müəllimlər arasında həmrəyliyin möhkəmləndirilməsi məqsədilə breyn rinq intellektual oyunu üzrə turnir təşkil olunub. Tədbir Xaçmaz şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbinin akt zalında baş tutub.
Turnir Quba–Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz rayonu üzrə təhsil sektorunun və “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xaçmaz rayon komitəsinin dəstəyi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilib. Yarışda Xaçmaz rayonunun 10 müxtəlif ümumtəhsil müəssisəsində çalışan müəllimlərdən ibarət 8 komanda iştirak edib.
Açılış mərasimində Xaçmaz rayonu üzrə təhsil sektorunun müdiri Qələmşah Dostuyev, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xaçmaz rayon komitəsinin sədri Yaşar Abbasov, eləcə də Quba–Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun müdiri Elman Məmmədov çıxış ediblər. Çıxışlarda tədbirin keçirilməsində əsas məqsədin müəllimlərin asudə vaxtının səmərəli təşkili, onların intellektual bacarıqlarının inkişaf etdirilməsi və təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi olduğu vurğulanıb.
Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışın sonunda qalib adını Xaçmaz şəhər 9 nömrəli tam orta ümumtəhsil məktəbinin “Nanotex” komandası qazanıb. Armudpadar və Sayad kənd məktəblərinin müəllimlərindən ibarət “Arzu” komandası ikinci, Xaçmaz şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbinin “Xaçmaz 6” komandası isə üçüncü yerə layiq görülüb.
Turnirin yekununda qalib komandalar təşkilatçılar tərəfindən diplomlarla, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xaçmaz rayon komitəsi tərəfindən hədiyyələrlə təltif olunub, digər mükafatçılara isə diplomlar təqdim edilib.
















