Qanalı “peyğəmbər”in tikdiyi gəmilərə yüzlərlə insan axışdı

Qanada özünü peyğəmbər elan edən Ebo Nuhun “Böyük Tufan” iddiası ilə hazırladığı və Nuhun gəmisini xatırladan böyük taxta gəmilərə minmək üçün yüzlərlə insanın axışdığı layihə gündəmə çevrildi.

81

Qanalı Ebo Nuh adlı, özünü peyğəmbər elan edən rahib “ikinci Böyük Tufanın bu gün dünyanı su altında qoyacağını iddia edərək insanlar üçün Nuhun gəmisini xatırladan on taxta gəmi düzəldib. Bu iddiaya inanan yüzlərlə qanalı gəmilərə ərzaq və şəxsi əşyalarla axışıb.

Ebo Nuh “Tanrının əmri” olduğunu söylədiyi layihənin reallaşdırılması üçün artıq üç ildir ki, böyük taxta gəmilər hazırlayır. Onun dediyinə görə, “Böyük Tufan” başlayacağı üçün bu gəmilərə minənlər xilas olacaq. Bu fikrə dəstək verən insanların arasında yalnız Qana vətəndaşları deyil, ətraf ölkələrdən gələnlər də var; bəziləri kilometrlərlə yol qət edərək gəmi üçün sıraya qoşulub.

Ebo Nuh daha sonra iştirakçılara müjdəli bir xəbər verərək böyük tufanın Tanrı tərəfindən gələn ilə ertələndiyini bəyan edib. Buna əsas səbəb olaraq isə Tanrının “daha çox gəmi inşa etmək üçün” ona zaman vermək istədiyini göstərib. Bu açıqlama insanların bir qismini sevindirərkən digərlərində xəyal qırıqlığı və narazılıq yaradıb.

Bu hadisə sosial mediada geniş müzakirələrə səbəb olub və müasir dövrdə belə bir kəhanət iddiasının insanlar üzərində yaratdığı təsirlə bağlı fikir ayrılıqları doğurub. Başqa mənbələrə görə, Ebo Nuh Qana daxilində və xaricində yüz minlərlə izləyiciyə malikdir və sosial şəbəkələrdə fenomen halına gəlib.