Nigeriyanın şimal-şərqində yerləşən Borno ştatında məscidə qarşı intihar hücumu həyata keçirilib. Yerli mətbuatın yaydığı məlumata görə, Borno ştatının Qambarou bölgəsindəki mərkəzi məsciddə axşam namazı üçün toplaşan camaat hədəf alınıb.
Hücum nəticəsində çox sayda insan həyatını itirib, onlarla şəxs isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb, hadisə yerində təhlükəsizlik tədbirləri gücləndirilib.
Hadisə ilə bağlı hələlik heç bir qrup və ya təşkilat məsuliyyəti üzərinə götürməyib. Bununla belə, bölgədə uzun illərdir fəaliyyət göstərən terror təşkilatı Boko Haramın oxşar hücumlar törətdiyi bildirilir.
Qeyd olunur ki, Boko Haram 2000-ci illərin əvvəllərindən Nigeriyada fəaliyyət göstərir və 2009-cu ildən bu yana həyata keçirdiyi kütləvi terror aktları nəticəsində on minlərlə insan həyatını itirib. Terror təşkilatı 2015-ci ildən etibarən Kamerun, Çad və Niger kimi qonşu ölkələrdə də hücumlar həyata keçirib. Xüsusilə, Çad gölü hövzəsində baş verən terror aktlarında azı 2 min nəfər ölüb.
Nigeriyada terror hücumları və silahlı toqquşmalar səbəbindən yüz minlərlə insan öz yaşayış yerlərini tərk edərək köçkün vəziyyətinə düşüb.