Qanalı rahib Ebo Nuh “Allahdan mesaj aldığını” iddia edərək ikinci Böyük Tufanın başlayacağını bildirir və buna qarşı hazırlıq məqsədilə Nuhun gəmisini xatırladan 10 taxta gəmi inşa edib. Onun fikrincə, Milad günü — 25 dekabr 2025-də dünyanı su basacaq.
Sosial mediada fenomenə çevrilən Ebo Nuh, əynində yırtıq, nimdaş paltarla və nəhəng taxta gəmi üzərində çalışdığı görüntülərlə diqqət çəkir. O, izləyicilərinə yaxın zamanda baş verəcəyini iddia etdiyi tufana hazır olmaları barədə xəbərdarlıq edir.
Rahib özünü peyğəmbər elan etdiyini bildirərək deyib ki, “Allah bu gəmini inşa etməsi üçün onu seçib” və bu səbəbdən üç il ərzində bu böyük taxta gəmi layihəsini həyata keçirib.
Ebo Nuhun sözlərinə görə, gəmidə yer almaq üçün heç kəsdən pul tələb olunmur. O, “Gəmi üçün bir ödəniş yoxdur — Tanrı hər kəs üçündür” söyləyib və insanların gəmidə sərbəst iştirak edə biləcəyini bildirib.
Hazırda Ebo Nuh tufanın gələcəyinə görə həyəcan içindədir və gəmisinin üstündə yatdığı görüntülər sosial mediada paylaşılıb. Rahibin inancına görə, sabah — 25 dekabrda dünya sona çatacaq və o, gəmisinin insanları qurtaracağına əmindir.