Son illər kütləvi informasiya vasitələrində, film və serial sənayesində zombi qiyaməti, naməlum viruslar, UNO (uçan naməlum obyektlər) və yerdənkənar sivilizasiyalar mövzuları getdikcə daha çox gündəmə gəlir. Bu cür ssenarilər uzun müddət yalnız fantastika janrına aid edilsə də, bəzi faktlar onların real təhlükə kimi müzakirə edilməsinə səbəb olur. Xüsusilə, ABŞ ordusunun 2011-ci ildə hazırladığı və “CONOP 8888” adı ilə tanınan sənəd bu mövzuda ciddi suallar doğurub. “Zombi qiyamətinə hazırlıq planı” kimi təqdim olunan bu sənəd doğrudanmı mümkün bir təhlükəyə qarşı hazırlanıb, yoxsa sadəcə hərbi təlim məqsədi daşıyan simvolik ssenaridir? CONOP 8888-in mahiyyəti və arxasında duran məqsədlər bu gün də mübahisə mövzusu olaraq qalır.
30 aprel 2011-ci ildə hazırlanmış bu plan CONOP 8888 (CDRUSSTRATCOM CONPLAN 8888-11 Counter-Zombie Dominance Operations) adlanır və böhranlı vəziyyətlərdə fövqəladə hallar planıdır. CONOP 8888 ABŞ hərbçiləri üçün mülki şəxsləri və hakimiyyət orqanlarını zombilərdən, zombi təhlükəsinin aradan qaldırılmasından, diri ölülərin tamamilə məhv edilməsinə qədər qorunmaq üçün hərtərəfli fövqəladə təlimatları ehtiva edir. Sənəddə planın aşağıdakı məqsədləri var:
- “ bəşəriyyətin zombilərdən qorunması üçün insanlar arasında maarifləndirmə işləri aparmaq və insanlarla dövlətin əlaqələrini güclü saxlamaq;
- zəruri hallarda zombilərdən insan həyatı üçün yarana biləcək təhlükəni aradan qaldıran əməliyyatlar həyata keçirmək;
- zombi hücumu zamanı və ondan sonra asayişin qorunmasında və əsas xidmətlərin bərpasında mülki hakimiyyət orqanlarına kömək etmək” və s.
Sənədin müəllifləri “aydınlaşdırma qeydi” seqmentində qeyd edirlər ki, hazırlanmış plan zarafat deyil.
Lakin ABŞ donanmasının kapitanı Pamela Kunze “Sızdırılan sənəd təlim məqsədi ilə orduda istifadə edilir. Sənədin məqsədi tələbələrə ordudakı sadə fəndləri və uydurulmuş təlim ssenarilərini öyrətməkdir.” deyir. ABŞ Strateji Komandanlığının bir sözçüsü də CNN-ə verdiyi müsahibədə bunun yalnız təlim xarakterli olduğunu qeyd edirdi. Guya orta məktəblərdə şagirdlərə xüsusi təlimlər keçirilir, mümkün zombi istilası zamanı onlarla mübarizə yolları öyrədilir. Bu zaman xüsusi atəş təlimlərinə önəm verilir, yalnız zombilərin başına atəş açılmasının önəmi vurğulanır.
Bu mövzu uzun müddətdir ki, təkcə hərbi-siyasi mühitdə maraq doğurmur. Məsələn, Amerika yazıçısı Maks Bruks tərəfindən zombilər arasında sağ qalmaq təlimatları haqqında yazılmış kitabı 2003-cü ildə nəşr olundu. Kitab həm də zombi virusu zamanı sağ qalmaq üçün bələdçidir.
CONOP 8888 planına görə zombilər bir neçə cür olur: vegetarian zombilər, toyuq zombilər, yadplanetli zombilər, yoluxdurucu zombilər, radiasiyaya duyarsız zombilər, silahlı zombilər və pis cadu ilə məşğul olan zombilər. Sənədə görə, toyuq zombilər yalnız Kaliforniyada mövcuddur.
Bu plan hər nə qədər fantastik və qeyri-real görünsə də, mümkünlük payı da az deyil. Xüsusilə, bəzi konspiroloqlar bunun əslində ABŞ-nın öz ssenari planı olduğunu qeyd edir.