“Joxovurd” nəşrinə görə, Ermənistan hökuməti Katolikos II Qaregin və onun yaxınları üzərində təzyiqləri gücləndirib. Hüquq-mühafizə orqanlarının məqsədi, Katolikos və ailəsi barədə kompromat toplamaqdır.
Məlumata görə, Katolikosun qardaşı, arxiyepiskop Ezras Nersisyan Mərkəzi Katolikosluğu təhlükəsiz şəkildə idarə etmək məqsədilə onu Rusiyaya köçürmək addımları atır. Bu səbəbdən də hakimiyyət onun əleyhinə qarşı tədbirlər həyata keçirir. “Joxovurd” nəşri xəbər verir ki, Ezras Nersisyan Sovet İttifaqı dövründə KQB agenti olub və bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti (ԱԱԾ) rəsmi sənədlərlə məlumat yayıb.
Mənbələr bildirir ki, Katolikosun digər yaxınları – qardaş nəvələri və digər ailə üzvləri də ciddi yoxlamalar altındadır. Məqsəd Katolikos üzərində təzyiqi artırmaq və onun istefa verməyə məcbur edilməsi üçün mühit yaratmaqdır. Əvvəlki yazılarda qeyd edildiyi kimi, Katolikos istefa verməsə, hüquq-mühafizə orqanları onu həbs edərək bu addımı atmağa məcbur edə bilər.
Qeyd olunur ki, arxiyepiskop Ezras Nersisyanın uzun müddətdir ölkəyə gəlməməsi də hakimiyyətin təzyiqləri ilə bağlıdır. Katolikos tərəfdarları bu addımı İrəvan rəhbərliyinin kilsəyə qarşı növbəti təzyiq cəhdi kimi qiymətləndirir. Əvvəllər Ezras arxiyepiskop Ermənistanda müxtəlif tədbirlərdə iştirak edirdi, lakin son zamanlar səfərlərini dayandırıb.
“Joxovurd” nəşri vurğulayır ki, Katolikos II Qareginin digər ailə üzvləri – qardaşı Gevorg Nersisyan və qardaş nəvəsi Hambardzum Nersisyan da hazırda hüquq-mühafizə orqanlarının nəzarətindədir. Bu, Katolikos üzərindəki təzyiq strategiyasının davamı kimi qiymətləndirilir.