Halsızlıq, saç tökülməsi və yuxusuzluğa qarşı təbii qarışıqlar – Mütəxəssislər tövsiyə edir

Halsızlıq, saç tökülməsi və yuxusuzluqdan əziyyət çəkirsiniz? Vitamin və hormon balansını dəstəkləyən təbii qarışıqlar sağlam bədən üçün kömək edə bilər.

76

Dırnaqların tez-tez qırılması, saç tökülməsi, yuxusuzluq və davamlı halsızlıq kimi problemlər əksər hallarda hormonal balansın pozulması, eləcə də, vitamin və mineral çatışmazlığı ilə əlaqələndirilir. Mütəxəssislər bildirir ki, düzgün qidalanma ilə yanaşı bəzi təbii qarışıqlar bu simptomların azalmasına kömək edə bilər.

Aşağıda orqanizmi gücləndirməyə və enerjini artırmağa kömək edən bir neçə təsirli qarışım təqdim olunur.

Xroniki halsızlığa qarşı bibər və limon qarışımı

Bu qarışım xroniki halsızlıqdan əziyyət çəkənlər üçün tövsiyə olunur. Eyni zamanda, əhval-ruhiyyəni yüksəltməyə kömək edir. İki ədəd yaşıl bibər blenderdən keçirilir, üzərinə yarım limonun suyu əlavə edilərək içilir.

Böyrəküstü vəzin fəaliyyətini dəstəkləyən qarışım

Daimi yorğunluq, saç tökülməsi və dırnaq qırılması böyrəküstü vəzinin zəif işləməsi ilə bağlı ola bilər. Braziliya fındığı və qurudulmuş cəfəri yarpaqları blenderdə qarışdırılır, üzərinə təbii bal, quru üzüm və az miqdarda toz zəncəfil əlavə olunur. Bu qarışımın həftədə 2–3 dəfə qəbul edilməsi tövsiyə edilir.

İmmuniteti gücləndirən böyürtkən qarışımı

Böyürtkən immun sistemini gücləndirməklə yanaşı, görmə qabiliyyətinə də müsbət təsir göstərir. 2 banan, 3 xörək qaşığı böyürtkən, 1/3 limonun suyu, 2–3 kərəviz sapı və 1 stəkan su blenderdə qarışdırılaraq içilir.

Enerji verən ispanaqlı qarışım

Banan və ispanaq yorğunluğun aradan qaldırılmasında təsirli ikilidir. 1 stəkan təzə ispanaq yarpağı, 2 banan, 1 alma, 1 stəkan su və yarım limonun suyu blenderdə qarışdırılaraq qəbul edilir.

C vitamini və dəmir çatışmazlığına qarşı qarışım

C vitamini və dəmir çatışmazlığı tez-tez halsızlıq və immun zəifliyi ilə müşahidə olunur. 1 alma, 2 xiyar və yarım limonun suyu blenderdə qarışdırılaraq içilə bilər.

Mütəxəssislər qeyd edirlər ki, bu qarışıqlar dərman deyil, lakin sağlam qidalanma ilə yanaşı istifadə edildikdə orqanizmin ümumi vəziyyətinə müsbət təsir göstərə bilər.