Suriyada keçmiş təhlükəsizlik mərkəzində kütləvi məzarlıq aşkarlandı

Suriyanın İdlib vilayətinin Maarrət ən-Numan şəhərində keçmiş təhlükəsizlik mərkəzində kütləvi məzarlıq tapılıb. Oxşar tapıntılar ölkənin digər bölgələrində də aşkarlanır.

74

Suriyanın şimalında yerləşən İdlib vilayətinin Maarrət ən-Numan şəhərində keçmiş təhlükəsizlik mərkəzinin ərazisində kütləvi məzarlıq tapılıb. Bu barədə Suriya dövlət xəbər agentliyi SANA məlumat yayıb.

Məlumata görə, kütləvi məzarlıq şəhərdə yerləşən keçmiş “Dövlət Təhlükəsizliyi Mərkəzi”nin binasında aşkar edilib. Xəbərlə birlikdə yayımlanan fotoşəkillərdə hazırda istifadəsiz vəziyyətdə olan bina və onun daxilində məzarların yerləşdiyi ehtimal edilən çuxurlar əks olunub.

Suriya rəsmiləri bildiriblər ki, təxminən iki həftə əvvəl də Hələb vilayətinin kənd ərazilərindən birində oxşar kütləvi məzarlıq aşkarlanıb. Qeyd olunur ki, Bəşər Əsəd rejiminin devrilməsindən sonra ölkənin müxtəlif bölgələrində kütləvi məzarların tapılması halları davam edir.

Tapıntılar Suriyada uzun illər davam edən münaqişə dövründə itkin düşmüş şəxslərin taleyi ilə bağlı yeni faktların üzə çıxmasına səbəb olur və beynəlxalq ictimaiyyətin diqqətini bir daha ölkədə baş vermiş insan hüquqları pozuntularına yönəldir.