Fransada “Lafarge” işi: Təqsirləndirilən şəxslər üçün 8 ilə qədər həbs istənildi

Fransada “Lafarge” şirkətinin terror təşkilatını maliyyələşdirmə işi üzrə məhkəmə davam edir. Prokurorluq təqsirləndirilən şəxslər üçün 8 ilə qədər həbs tələb edib.

80

Fransanın sement istehsalçısı “Lafarge” şirkətinin “terror təşkilatını maliyyələşdirmək” ittihamı ilə mühakimə olunduğu iş üzrə Paris Cinayət Məhkəməsində proses davam edir. Prokurorluq 2013–2014-cü illərdə şirkətin Suriyadakı fəaliyyəti ilə bağlı irəli sürülən ittihamlar çərçivəsində təqsirləndirilən şəxslər üçün 18 ay ilə 8 il arasında həbs cəzası tələb edib.

Məhkəmədə tüzel şəxs (hüquqi şəxs) qismində “Lafarge” və səkkiz nəfər mühakimə olunur. Bugünkü iclasda çıxış edən prokurorluq şirkətin maksimum məbləğdə, yəni 1 milyon 125 min avro cərimələnməsini, təxminən 30 milyon avroya bərabər əmlakına qismən həbs qoyulmasını və bütün məhkəmə xərclərinin şirkət tərəfindən ödənilməsini istəyib.

“Lafarge”ın keçmiş baş icraçı direktoru Bruno Lafont üçün 6 il həbs cəzası, 225 min avro məbləğində pul cəriməsi və həyat sığortasına həbs qoyulması tələb olunub. Şirkətin əməliyyatlardan məsul keçmiş direktor müavini Kristian Herron və Suriyadakı törəmə şirkət olan “Lafarge Sement Suriya”nın 2008–2014-cü illərdəki baş direktoru Bruno Peşö üçün isə 5 il həbs və 225 min avro cərimə istənilib. Prokurorluq, eyni zamanda, Lafont, Herron və Peşö üçün ticarət sektorunda fəaliyyət qadağasının tətbiq edilməsini də tələb edib.

Şirkətin Suriyadakı törəmə müəssisəsinin 2014–2016-cı illərdəki keçmiş baş direktoru Frederik Jolibua üçün 2 ili şərti olmaqla ümumilikdə 3 il həbs və 80 min avro cərimə istənilib. Prokurorluq Herron, Peşö və Jolibuaya məxsus müəyyən məbləğdə əmlaka da həbs qoyulmasını tələb edib.

“Lafarge” ilə bölgədəki silahlı və terror təşkilatları arasında vasitəçi olmaqda ittiham edilən suriyalı Firas Tlass üçün 8 il həbs və 225 min avro cərimə, silahlı qruplara bağlı xammal təchizatçıları ilə əlaqədə ittiham olunan digər suriyalı Amro Talep üçün isə 3 il həbs və 60 min avro cərimə istənilib. Prokurorluq hər iki şəxs barəsində axtarış qərarının çıxarılmasını da tələb edib.

Şirkətin keçmiş təhlükəsizlik əməkdaşı, Norveç vətəndaşı Yakob Verness üçün 18 ay həbs və 20 min avro cərimə, digər keçmiş təhlükəsizlik əməkdaşı, İordaniya vətəndaşı Əhməd Əl-Cəludi üçün isə 2 il həbs və 4 min avro cərimə istənilib. Avropa İttifaqının terror təşkilatları ilə hər cür maliyyə və ticarət əlaqəsini qadağan edən embarqosunun pozulması ittihamı ilə “Lafarge” və şirkətin dörd keçmiş rəhbəri üçün əlavə olaraq 4 milyon 570 min avro məbləğində gömrük cəriməsi də tələb olunub.

Fransa Milli Terrorla Mübarizə Prokurorluğunda baş prokurorun müavini Oreli Valant bildirib ki, Bruno Lafont Suriyadakı vətəndaş müharibəsi dövründə sement zavodlarının fəaliyyətinin davam etdirilməsi qərarını hər ay yeniləyib. Onun sözlərinə görə, “Lafarge” üçün İŞİD faktiki olaraq ticarət tərəfdaşına çevrilib və Lafont bundan xəbərdar olub, bu fəaliyyətə razılıq verib. Valant vurğulayıb ki, şirkətə qarşı irəli sürülən ittihamlar onun adından hərəkət edən və maaş alan şəxslərin əməlləri ilə bağlıdır.

Xatırladaq ki, Türkiyənin “Anadolu Agentliyi” 7 sentyabr 2021-ci ildə “Lafarge” şirkətinin Fransa kəşfiyyatının məlumatı daxilində terror təşkilatı İŞİD-i maliyyələşdirdiyini sübut edən sənədləri yayımlamışdı. Bu materiallar beynəlxalq miqyasda geniş rezonans doğurmuşdu. Şirkət barəsində 2017-ci ilin iyununda başlanan istintaq çərçivəsində, aralarında keçmiş idarə heyətinin sədri Bruno Lafontun da olduğu bir sıra yüksək vəzifəli şəxslərə terrorun maliyyələşdirilməsi ittihamı irəli sürülmüşdü. İstintaqa nəzarət edən üç istintaq hakimi 16 oktyabr 2024-cü ildə “Lafarge” Qrupunun və şirkətin dörd keçmiş rəhbərinin terror təşkilatını maliyyələşdirmə və Avropa İttifaqının embarqosunu pozma ittihamları ilə məhkəməyə verilməsinə qərar çıxarmışdı.