Avstraliyanın Sidney şəhərində silahlı insident baş verib. Bondi çimərliyində Hanuka bayramına həsr olunmuş kütləvi tədbir zamanı atışma qeydə alınıb.
İlkin məlumatlara görə, üzlərini maska ilə gizlədən, ehtimal ki, iki nəfər kişi min nəfərdən çox insanın iştirak etdiyi izdihama atəş açıb. Hadisə çimərlik ərazisində panikaya səbəb olub.
Yerlı mənbələrin məlumatına əsasən, insident nəticəsində 10-12 nəfər həyatını itirib, yaralılar arasında polis əməkdaşı da var. Ölən və yaralananlar barədə məlumatlar yenilənir.
Yeni Cənubi Uels ştatının polisi iki şübhəli şəxsin saxlanıldığını açıqlayıb. Hadisə yerində təhlükəsizlik tədbirləri gücləndirilib, əməliyyat davam etdirilir. Vətəndaşlara ərazidən uzaq durmaq tövsiyə olunub.
Bununla yanaşı, hadisə zamanı yerli sakinlərdən biri şəxsi təşəbbüs göstərərək, öz həyatını riskə atıb və hücum edənlərdən birini zərərsizləşdirərək silahını əlindən alıb. Polis bu məlumatı yoxlayır və hadisənin bütün təfərrüatları araşdırılır.
Hazırda istintaq davam edir, əlavə məlumatların veriləcəyi bildirilir.