Rusiyanın “Neiry” adlı neyrotexnologiya şirkəti göyərçinləri uzaqdan idarə olunan “biodron”lara çevirməklə bağlı yeni texnologiyanı sınaqdan keçirib.
Şirkət Moskva şəhərində beyin implantları və kiçik bel çantaları ilə təchiz edilmiş göyərçin sürüsü üzərində uğurlu testlərin aparıldığını açıqlayıb.
Texnologiyanın iş prinsipi quşun beyninə yerləşdirilən elektrodların onun belində daşınan GPS idarəetmə modulu ilə əlaqələndirilməsinə əsaslanır. Bu sistem operatorlara elektrik impulsları vasitəsilə quşların hərəkət istiqamətini yönləndirməyə imkan verir. Beləliklə, ənənəvi öyrətmə və məşq prosesinə ehtiyac aradan qalxır.
“Neiry” bildirir ki, günəş enerjisi ilə işləyən bu “biodron”lar elektrik xətlərinin, ucqar və çətin relyefli ərazilərin monitorinqində adi pilotsuz uçuş aparatlarından daha səmərəli ola bilər. Şirkət texnologiyanın gələcəkdə sənaye məqsədləri üçün qarğalar və qağayılar üzərində də tətbiqini planlaşdırır.
Mütəxəssislər bu yanaşmanı canlı orqanizmlərlə süni idarəetmə texnologiyalarının birləşməsi baxımından yeni mərhələ kimi qiymətləndirir, eyni zamanda etik və təhlükəsizlik məsələlərinin də müzakirə mövzusu olaraq qalacağını vurğulayırlar.