Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın daimi bitərəfliyinin 30-cu ildönümü münasibətilə ölkə rəhbərliyinə təbrik ünvanlayıb.
Prezident İlham Əliyev tərəfindən türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədova və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova göndərilən məktublarda ölkənin bitərəflik siyasətinin 30 il əvvəl beynəlxalq ictimaiyyət tərəfindən tanınmasını böyük tarixi nailiyyət kimi dəyərləndirib.
Məktublarda qeyd olunur ki, 1995-ci il dekabrın 12-də BMT Baş Assambleyası tərəfindən 185 ölkənin yekdil dəstəyi ilə qəbul edilən qərar Türkmənistanın sülhsevər siyasətinə verilən yüksək qiymətin bariz nümunəsidir. Azərbaycan bu illər ərzində Türkmənistanın bitərəflik siyasətinə daim hörmətlə yanaşdığını və həm 1995-ci, həm də 2015-ci illərdə müvafiq qətnamələrin həmmüəllifi kimi çıxış etdiyini xatırladıb.
Qurbanqulu Berdiməhəmmədova ünvanlanan təbrik məktubunda iki ölkə arasında qardaşlıq münasibətlərinin yüksək səviyyəsi xüsusi vurğulanıb. Azərbaycan rəhbərliyi 2025-ci il ərzində baş tutan qarşılıqlı səfərləri və Avazada keçirilən görüşləri məmnunluqla xatırladığını bildirib.
Sərdar Berdiməhəmmədova göndərilən təbrik məktubunda Türkmənistanın bitərəfliyinin regional və qlobal sülhə töhfə verdiyi qeyd olunub. Məktubda iki ölkənin strateji tərəfdaşlığının dərinləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə səylərin davam etdiriləcəyinə əminlik ifadə edilib.
Hər iki məktubda Azərbaycan tərəfi Türkmənistan xalqına əmin-amanlıq və firavanlıq arzularını çatdırıb.