Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının liderlərindən biri olan Dimitri Samxaradze ölkədə ərəb şəhərlərinin tikintisinə qarşı keçirilən etiraz aksiyasını kəskin tənqid edib. O, sosial şəbəkədə yayımladığı açıqlamada aksiyaların ölkəni zəiflətməyə yönəlmiş olduğunu və onların arxasında “Gürcüstanın xarici düşmənlərinin” dayandığını iddia edib.
QISA ARAYIŞ:
“Ərəb şəhərləri” ifadəsi, Gürcüstanda son aylarda böyük mübahisələrə səbəb olan böyük şəhərsalma layihələri, xüsusilə, Tbilisi və Qara dəniz sahillərində ərəb ölkələrindən gələn investorlar tərəfindən tikilməsi planlaşdırılan qapalı yaşayış və turizm kompleksləri ilə bağlıdır.
Samxaradzenin sözlərinə görə, aksiyaların məqsədi “Gürcüstanı diz çökdürməkdir”, lakin buna nail olmaq mümkün olmayacaq:
“Gürcüstanı diz çökdürə bilməyəcəklər! Gürcü xalqını sındıra və bizə zərər vura bilməzlər!” – deyə o bildirib.
O, bir-birinin ardınca keçirilən iki aksiya barədə danışaraq, hər iki etirazın “xaricdən maliyyələşdirildiyini” irəli sürüb. Samxaradzenin iddiasına görə, birinci aksiyada iştirak edənlərin çoxu aldadılmış vətəndaşlar olub, ikinci aksiyada isə əsasən “mükafatlandırılmış” şəxslər iştirak edib.
Siyasətçi etirazçıların əvvəlki illərdə keçirilən aksiyalarla müqayisəsini apararaq, onların sayının zaman keçdikcə kəskin şəkildə azaldığını deyib. O, Lisi gölündəki LGBTQ+ əleyhinə aksiyanı misal gətirərək, həmin tədbirə toplaşan təxminən 20 min nəfərdən sonradan yalnız 800 nəfərin siyasi çağırışlara qoşulduğunu qeyd edib.
Samxaradze müxalif qüvvələrin “birlik” çağırışlarına da toxunub və bunu “satılmış və ya satılmağa hazır olan qrupların yeni tapşırığı” adlandırıb:
“Onlar indi yeni göstəriş alıblar – birləşin. Birləşəcəklər: ‘Natsilər’, ‘Akacuklar’ və o 800 nəfər. Guya LGBTQ+ aktivistlərinə qarşı idilər, əslində isə siyasi alverlə məşğul idilər.”
Gürcüstan siyasi arenasında gərginlik fonunda Samxaradzenin bu sərt bəyanatı geniş müzakirələrə səbəb olub.