Mexiko şəhərində öküz döyüşləri qadağan edildi

Mexiko Şəhər Şurası öküz döyüşlərində heyvanların öldürülməsini və kəsici alətlərin istifadəsini qadağan edən qanun qəbul etdi. Qərar həm heyvan hüquqları müdafiəçilərinin təqdirini, həm də ənənə tərəfdarlarının etirazını doğurdu.

90

Mexiko Şəhər Şurası ənənəvi öküz döyüşlərini faktiki olaraq dayandıran yeni qanunu qəbul edib. Yüz illik simvolik ənənəyə son qoyan qərar 61-ə qarşı 1 səslə təsdiqlənib. Qanun tədbirlər zamanı buğaların öldürülməsini və kəsici alətlərdən istifadəni tamamilə qadağan edir.

Hayvan hüquqları müdafiəçiləri bu addımı “böyük qələbə” kimi qiymətləndirir və bunun daha insani münasibət standartlarına uyğun bir keçid olduğunu bildirirlər. Onların fikrincə, bu qərar beynəlxalq səviyyədə artan heyvan rifahı tendensiyasına uyğundur və şiddətdən uzaq, alternativ formatda yeni “mədəni idman” modelinə yol açır.

Lakin qərar bütün cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Ənənəvi öküz döyüşlərini Meksika kimliyinin əsas elementlərindən biri hesab edən qruplar qanuna kəskin etiraz edir. Sektorun ölkə üzrə 200 minə yaxın iş yeri yaratdığı bildirilir. Tənqidçilər bu qərarı “mədəni irsin silinməsi” adlandıraraq, hökumət binaları önündə etiraz aksiyalarına başlayıblar.

Mexiko şəhərinin yeni yol xəritəsi hazırladığı bir vaxtda, “ənənə və müasir dəyərlər” arasındakı gərginlik ölkədə sosial debatın əsas mövzularından birinə çevrilir. Qərar, cəmiyyətlərin mədəni mirası qorumaqla dəyişən etik dəyərləri necə balanslaşdıracağı sualını yenidən gündəmə gətirir.