Almaniyanın gizli savaş planı ifşa oldu: “OPLAN DEU” ölkəni tam səfərbərliyə hazırlayır

Almaniyanın 1.200 səhifəlik gizli "OPLAN DEU" hərbi planı sızıb. Sənəd ölkənin və NATO-nun Rusiya ilə mümkün müharibəyə necə hazırlaşdığını, logistika şəbəkələrinin səfərbərliyini və bütün ölkənin savaş nizamına keçirilməsini ətraflı izah edir.

99

Almaniyanın 1.200 səhifəlik gizli hərbi planı – “OPLAN DEU” – ölkənin Rusiya ilə mümkün münaqişəyə necə hazırlaşdığını bütün detalları ilə ortaya qoyub. Sənədlər yüz minlərlə NATO hərbçisinin Almaniya üzərindən şərqə doğru necə daşınacağını, logistika xətlərinin necə işləyəcəyini və ölkənin müharibə dövrü üçün tam səfərbər ediləcəyini addım-addım təsvir edir.

Berlin, mümkün bir Rusiya hücumunun 2029-dan əvvəl baş verə biləcəyi ehtimalı ilə prosesi sürətləndirir.

İki il yarım əvvəl Almaniyanın yüksək rütbəli zabitləri xüsusi görüşlərdə Rusiya ilə müharibə ssenarilərini müzakirə etməyə başlayıb. 2022-ci ildə Rusiyanın Ukraynanı işğalı Avropada onilliklərlə davam edən sabitliyi sarsıtdı və regionu II Dünya Müharibəsindən bəri ən sürətli silahlanma mərhələsinə daxil etdi.

Nəticədə hazırlanan 1.200 səhifəlik sənəd yalnız ordunun quruluşu və silahlanma strategiyasını deyil, həm də ölkəni bir bütün olaraq müharibəyə hazırlayacaq nəhəng logistika sistemini izah edir.

Alman analitik və zabitlərinin sözlərinə görə, planın əsas məqsədi bu mesajı verməkdir: “Əgər düşmən hücum edərsə, uğur qazana bilməyəcək və beləliklə,  müharibənin qarşısı alınacaq.”

Sənədlərdə Qərbi Avropanının müdafiəsinin açarı olaraq Almaniyanın üzərindən keçən NATO logistika dəhlizi xüsusi vurğulanır.

Plana görə, 800 minədək alman əsgəri, ABŞ və digər NATO ölkələrindən gələn yüz minlərlə hərbçi Rusiya istiqamətində şərq cəbhəsinə cəlb olunacaq. Alplarin təbii baryer olması səbəbindən NATO birlikləri hansı istiqamətdə hərəkət etsə də, Almaniya üzərindən keçmək məcburiyyətində qalacaq.

Bu məqsədlə, avtomobil yolları, dəmir yolu xətləri, limanlar və  hətta boş ərazilər müharibə şəraitinə uyğunlaşdırılacaq. Müharibə yalnız ordu deyil, bütün ölkə səviyyəsində planlaşdırılır.

Kod adı: “OPLAN DEU”

Planın tətbiqi son aylarda müxtəlif təlimlərlə sınaqdan keçirilib. Şərqi Almaniyada “Rheinmetall” şirkəti cəmi 14 günə yataqxanalar, duş kabinləri, yanacaq məntəqələri, sahə mətbəxi, dron nəzarəti və təhlükəsizlik sistemi ilə birlikdə500 nəfərlik hərbi düşərgə qurub.  Düşərgə cəmi 7 günə sökülüb. Şirkət Almaniya və NATO birliklərinin təchizatı üçün 260 milyon avroluq yeni müqavilə də imzalayıb.

 Lakin təlimlər planın zəif nöqtələrini də göstərib: bəzi sahələr ağır texnikanı qəbul edə bilməyib, əsgərlər avtobuslarla daşınıb. Başqa bir təlimdə isə hərbi karvanın hərəkətini sürətləndirmək üçün yeni bir işıqforun quraşdırılması lazım gəlib. Bu kimi xırda problemlər mərhələli şəkildə aradan qaldırılır.

Mülki həyatla hərbi sahə arasındakı xətt silinir

Gizli sənədlərə əsasən, yalnız ordu deyil, bütöv cəmiyyət də müharibə nizamına keçiriləcək. Bütün iqtisadiyyat yenidən təşkil ediləcək, dəmir yolları və magistrallar öncəliklə hərbi nəqliyyata xidmət edəcək, sivil zavodlar əsgərlərin ehtiyaclarını təmin edəcək. Bu, Soyuq Savaş dövrünə geri dönüşün ən ciddi göstəricilərindən biri hesab olunur.

Avropa bu dəfə fərqli problemlərlə üz-üzədir: köhnəlmiş infrastruktur, daralmış ordular və mülki bürokratiya müharibə hazırlığını çətinləşdirir. Analitiklər ABŞ-ın Ukrayna ilə bağlı irəli sürdüyü yeni barış planının Rusiyaya vaxt qazandıra biləcəyini düşünür.

Almaniyada könüllü hərbi xidmətə müraciətlər 20 ilin ən aşağı səviyyəsinə düşüb. Ordunun keçirilən təlimləri bəzən vətəndaş qruplarının etirazları ilə üzləşir.

Bu arada Avropa boyunca mənşəyi bilinməyən İHA-ların hərbi bazalar üzərində uçması, dəmir yollarının və anbarların sabotaja məruz qalması,  avtobanların naməlum qruplar tərəfindən hədəfə alınması kimi hadisələr narahatlığı artırır. Avropa bunlara görə Rusiyanı məsuliyyətli hesab edir. Alman hərbi ekspertləri təcrübəli veteranların yenidən xidmətə dəvət olunmasını təklif edir.

Almaniya kansleri Fridrix Merz vəziyyəti belə ifadə edir: “Savaşın içində deyilik, amma artıq sülh dövründə də yaşamırıq.”