Səudiyyə Ərəbistanında “alkoqol islahatı”: 2026-cı ildə yeni satış mağazaları açılacaq

Səudiyyə Ərəbistanı 2026-cı ildə Dahran və Ciddədə yalnız qeyri-müsəlman xarici işçilərə və diplomatlara xidmət edəcək yeni alkoqol mağazaları açmağı planlaşdırır. Bu addım Məhəmməd bin Salmanın sosial islahatlar kursunun davamı kimi dəyərləndirilir.

89

Səudiyyə Ərəbistanı 2026-cı ildə Dahran və Ciddə şəhərlərində iki yeni alkoqol satış məntəqəsi açmağı planlaşdırır.

“Reuters”-ə danışan mənbələrin məlumatına görə, Dahrandakı mağaza dövlət neft şirkəti “Aramco”-nun kampusunda yerləşəcək və yalnız müsəlman olmayan xarici işçilərə xidmət göstərəcək. Ciddədəki mağaza isə diplomatlara yönəlik olacaq. Bu addım vəliəhd şahzadə Məhəmməd bin Salmanın ölkədə sosial məhdudiyyətlərin tədricən yumşaldılması və xaricə açılım siyasətinin davamı kimi qiymətləndirilir. Onun hakimiyyəti dövründə Səudiyyə Ərəbistanında bir sıra sərt şəriət qaydaları əvvəlki dərəcədə tətbiq olunmur.

Ötən il Riyadda yalnız qeyri-müsəlman diplomatlar üçün ilk rəsmi alkoqol mağazası açılmışdı və bu, 73 ildən sonra krallıqda ilk hüquqi satış nöqtəsi kimi qeyd olunmuşdu. Yeni mağazalar həmin siyasətin davamı hesab edilir. Mənbələr bildirirlər ki, artıq müştəri bazası genişləndirilib və yaxın gələcəkdə qeyri-müsəlman “premium oturum icazəsi” olan şəxslərin də alıcı kimi mağazalardan istifadə etməsi gözlənilir. Rəsmi satış məntəqələri yaranmadan əvvəl ölkədə alkoqol əsasən diplomatik kanallar, qara bazar və ya ev üsulu ilə hazırlanmış içkilər vasitəsilə əldə olunurdu.

Körfəz ölkələri arasında Küveyt istisna olmaqla, əksər dövlətlərdə alkoqol müəyyən məhdudiyyətlərlə də olsa qanuni şəkildə satılır. Səudiyyə Ərəbistanı isə uzun illər bu sahədə ən sərt qadağaları tətbiq edən ölkə kimi tanınıb. Bin Salmanın həyata keçirdiyi genişmiqyaslı sosial islahatlar nəticəsində ölkədə son illər böyük dəyişikliklər baş verib. Kinoteatrlar fəaliyyətə başlayıb, qadın və kişilərin birgə iştirak etdiyi tədbirlərə icazə verilir, qadınların avtomobil idarə etməsinə 2017-ci ildə rəsmi olaraq icazə verilib və din polisinin səlahiyyətləri ciddi şəkildə azaldılıb. Hökumət bu transformasiyanın məqsədini turizm və xarici investisiyaların cəlb olunması ilə izah edir və iqtisadiyyatın neftdən asılılığını azaltmağı hədəfləyir.

Səudiyyə Ərəbistanının Turizm naziri Əhməd əl-Hatib “Reuters”-ə açıqlamasında beynəlxalq turistlər arasında alkoqol tələbinin olduğunu anladıqlarını bildirib, lakin hələlik qaydalarda dəyişiklik olmadığını vurğulayıb. “Hazırda dəyişiklik gözlənilirmi?” sualına cavab olaraq o, “bunu sizə buraxıram” deyərək mümkün yumşalmanın açıq qapı kimi interpretasiya olunmasına şərait yaradıb.