Frida Kahlonun “Yuxu-Otaq” əsəri 54,7 milyon dollara satıldı – qadın rəssamlar arasında yeni rekord

Frida Kahlonun “Yuxu-Otaq” adlı 1940-cı il otoportreti Nyu-Yorkda keçirilən hərracda 54,7 milyon dollara satılaraq qadın rəssamlar arasında yeni rekord müəyyən edib. "Sotheby’s" əsərin misilsiz şəxsi dəyər daşıdığını vurğulayıb.

83

Meksikalı məşhur rəssam Frida Kahlonun 1940-cı ildə çəkdiyi “El sueño (la cama)” (“Yuxu-Otaq”) adlı avtoportreti Nyu-Yorkda keçirilən açıq hərracda 54,6 milyon dollara satılıb. Bu, indiyədək qadın bir rəssamın əsərinə ödənilən ən yüksək məbləğ kimi tarixə düşüb.

“Sotheby’s” hərrac evi bildirib ki, əsərin alıcısı barədə məlumat açıqlanmır. Tablo Frida Kahlonun şəxsi işlərindən biri hesab edilir. Əsərdə, göydə süzülürmüş kimi görünən bir yataqda yatan Kahlonun üzərində ayaqları dinamitlərlə sarılmış nəhəng bir skelet təsvir olunub.

“Sotheby’s”-in Latın Amerikası sənəti üzrə mütəxəssisi Anna Di Stasi qeyd edib ki, bu əsər Kahlonun Meksikaya məxsus folklor motivlərini Avropa sürrealizmi ilə birləşdirdiyi ən nümunəvi işlərdən biridir.

Frida Kahlo (1907–1954) qeyri-adi üslubu və XX əsrin ən təsirli Latın Amerikalı rəssamlarından biri kimi tanınır. O, xüsusilə avtoportretlərində şəxsi həyat təcrübələrinə geniş yer verib. Rəssamın məşhur “Diego y yo” (“Dieqo və mən”) əsəri 2021-ci ildə 34,9 milyon dollara satılaraq həmin dövrdə qadın rəssamlar arasında rekord olmuşdu.

Kahlonun yaradıcılığında ağrı və ölüm mövzuları xüsusi yer tutur. O, gənc yaşlarından ciddi sağlamlıq problemləri ilə üzləşmiş, ağır qəza səbəbindən ömrü boyu korse istifadə etmiş və bir çox cərrahi əməliyyat keçirmişdi.

Qadın rəssamlar arasında əvvəlki rekord 2014-cü ildə Georgia O’Keeffe-in “Jimson Weed/White Flower No. 1” adlı əsərinin 44,4 milyon dollara satılması ilə qeydə alınmışdı. Tamara de Lempika və Xoan Miçel kimi məşhur rəssamların bir sıra əsərləri də daha əvvəl milyonlarla dollara alıcı tapıb.