Belçikada sağ populist siyasi səhnəyə “Millətçi Hərəkatlar Birliyi üçün Birlikdə (Tous Reunis pour l’Union des Mouvements Populistes – TRUMP)” adlı yeni partiya daxil oldu. Partiya, əvvəllər fəaliyyət göstərmiş “Chez Nous” və “Belçika Milli Cəbhəsi” (Front National) partiyalarının davamı kimi fəaliyyət göstərəcək.
Partiyanın qurucusu Salvatore Nikotra bildirib ki, 2029-cu ildə keçiriləcək Avropa Parlamenti seçkilərində TRUMP partiyası üçün mandat qazanmaq əsas hədəflərdən biridir. Nikotra partiyanın ideologiyasını açıqlayaraq deyib: “Donald Trump millətçiliyin ən güclü rəmzidir. Hər demək istədiyimiz və müdafiə etdiyimiz məsələləri təmsil edir.”
TRUMP partiyası özünü sağ millətçi olaraq təqdim etsə də, sosial yönümlü bəzi ideyalara da malik olduğunu vurğulayır. Belçikadakı “Vlaams Belang” partiyasından fərqli olaraq, TRUMP milli quruluşun qorunmasını və ölkənin vahidliyini əsas prioritet hesab edir.
Son illərdə Belçikada sağ millətçi partiyalar seçici dəstəyini artırıb. 2019-cu ildəki Avropa Parlamenti seçkilərində “Vlaams Belang” və digər sağ millətçi hərəkatlar, xüsusilə Flamand bölgəsində, miqrasiya, təhlükəsizlik və milli kimlik mövzularında səsləri ilə diqqət çəkmişdi. 2024-cü il seçkilərində isə “Vlaams Belang” həm federal parlamentdə, həm də Flamand bölgəsində ikinci sırada yer almışdı. TRUMP partiyasının yaradılması, bu populist meyillərin davamı və sağ populist hərəkatları yeni bir çatı altında toplamaq məqsədi daşıyır.