Almaniyada məhkəmə qərarı: Məktəbdə namaz qılınmasına qadağa qanuni sayıldı

Berlin İnzibati Məhkəməsi gimnaziyada dini ayinlərin açıq şəkildə icrasına qoyulan qadağanı qanuni hesab edib. Məhkəmə qərarın müsəlman şagirdlərə daha çox təsir etdiyini qəbul etsə də, məktəbdaxili asayişin qorunmasını əsas gətirib.

14

Almaniyanın paytaxtı Berlində məhkəmə gimnaziyalardan birində namaz da daxil olmaqla, dini ayinlərin açıq şəkildə icrasına qoyulan qadağanı qanuni hesab edib. Məhkəmə qərarın xüsusilə müsəlman şagirdlərə mənfi təsir göstərdiyini qəbul etsə də, məktəbdə dini zəmində yaranmış qarşıdurmaların qarşısının alınmasını daha üstün hüquqi əsas kimi qiymətləndirib.

MSNews.az xəbər verir ki, Berlin İnzibati Məhkəməsi oktyabrın 15-də şəhərin Mitte rayonunda yerləşən Disterveq gimnaziyasının daxili qaydaları ilə bağlı qərar qəbul edib.

Məhkəmənin rəsmi açıqlamasına əsasən, məktəbdə dini ayinlərin nümayişkaranə şəkildə icrasını qadağan edən qayda qüvvədə saxlanılıb.

Məhkəməyə müraciət edən Vətəndaş Azadlıqları Cəmiyyəti (Gesellschaft für Freiheitsrechte – GFF) qadağanın müsəlman şagirdlərə qarşı ayrı-seçkilik yaratdığını bildirib.

Hüquq müdafiə təşkilatının sözlərinə görə, bəzi müsəlman şagirdlər namaz qılmaq üçün məktəb tualetlərində, kolluqların arasında və zibil konteynerlərinin arxasında gizlənməyə məcbur olublar. Onlar dini ibadətlərinə görə intizam cəzası almaqdan və qiymətlərinin aşağı salınmasından da ehtiyat ediblər.

GFF hesab edir ki, məktəb rəhbərliyinin ayrıca ibadət otağı ayırmaqdan imtina etməsi şagirdlərin dini etiqad azadlığını məhdudlaşdırır.

Məhkəmə qərarında diqqətçəkən məqam isə qadağanın müsəlman şagirdlərə qeyri-bərabər təsir göstərməsinin açıq şəkildə qəbul edilməsidir.

Hakimlər bildiriblər ki, İslamda vacib namaz müəyyən vaxtlarda qılınır və fiziki hərəkətlərlə müşayiət olunur. Buna görə də dini ayinlərin görünən formada icrasına qoyulan qadağa müsəlman şagirdlərə digər dinlərin nümayəndələri ilə müqayisədə daha çox təsir edir.

Bununla belə, məhkəmə mövcud məhdudiyyəti məktəbdaxili asayişin və tədris prosesinin qorunması baxımından əsaslandırılmış hesab edib.

Almaniyanın “Tagesschau” xəbər xidmətinin məlumatına görə, məhkəmə qərarında gimnaziyada uzun müddətdir dini zəmində ciddi münaqişələrin yaşandığı vurğulanıb.

Məhkəmədə təqdim edilən məlumatlara əsasən, bəzi şagirdlərin başqalarını müəyyən dini davranışlara məcbur etməyə çalışdığı, dinini dəyişdirməyə təşviq etdiyi və hicab taxmayan qızları təhqir etdiyi bildirilib.

Hakimlər bu halları nəzərə alaraq dini ayinlərin açıq icrasının mövcud qarşıdurmaları daha da dərinləşdirə biləcəyi qənaətinə gəliblər.

Məktəb rəhbərliyi ayrıca namaz otağının yaradılmasına da qarşı çıxıb. Bunun üçün kifayət qədər yer və nəzarətçi heyətin olmadığı, ayrıca ibadət məkanının isə mövcud dini mübahisələrin yeni mərkəzinə çevrilə biləcəyi bildirilib.

“Die Tageszeitung” (taz) nəşrinin məlumatına görə, GFF məktəb qaydalarının Berlinin ayrı-seçkiliyə qarşı qanunvericiliyinə zidd olduğunu müdafiə edib. Lakin məhkəmə təşkilatın iddiasını rədd edib.

Berlinin təhsil idarəsi məhkəmə qərarını müsbət qarşılayaraq məktəblərin tədris prosesinə və təhlükəsiz mühitə mane olan hallara qarşı tədbir görmək hüququnun vacibliyini vurğulayıb.

Qeyd edək ki, qərar Almaniyanın bütün məktəblərində namazın qadağan edilməsi demək deyil. Məhkəmə konkret gimnaziyada mövcud vəziyyəti və dini zəmində yaşanmış qarşıdurmaları qiymətləndirib.

Hökm hələ qəti hüquqi qüvvəyə minməyib. Qərardan Berlin-Brandenburq Ali İnzibati Məhkəməsinə apellyasiya şikayəti verilməsi üçün icazə istənilə bilər.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Xəbər lenti