ABŞ İrana qarşı “bütün bombaların anası”ndan istifadə edə bilər

Pentaqon İrana qarşı yeni hərbi əməliyyat planları hazırlayıb. ABŞ İranın nüvə və enerji obyektlərinə zərbələr zamanı GBU-43/B MOAB bombasından istifadə imkanını nəzərdən keçirir.

18

ABŞ Müdafiə Nazirliyi İrana qarşı hərbi əməliyyatların bərpası ehtimalına hazırlıq çərçivəsində yeni zərbə planları hazırlayıb. Bu planlarda “bütün bombaların anası” kimi tanınan GBU-43/B MOAB bombasından istifadə variantı da nəzərdən keçirilir.

MSNews.az xəbər verir ki, bu barədə “CNN” ABŞ rəsmilərinə və hərbi planlaşdırma prosesindən məlumatlı mənbələrə istinadən məlumat yayıb. Mümkün zərbələrin hədəfləri arasında İranın enerji infrastrukturu və nüvə proqramı ilə əlaqəli obyektlər göstərilir.

Məlumata görə, Prezident Donald Tramp hərbçilərə İranla münaqişəni Vaşinqtonun şərtləri əsasında başa çatdırmağa imkan verə biləcək əlavə hərbi ssenarilər hazırlamağı tapşırıb.

Hərbi əməliyyatların noyabrın 3-də keçiriləcək Konqres seçkilərindən əvvəl və ya sonra bərpası ehtimalı müzakirə edilsə də, Tramp daha əvvəl seçkilərə qədər İrana yeni zərbələr endirmək niyyətində olmadığını bildirib.

GBU-43/B MOAB ABŞ arsenalındakı ən güclü qeyri-nüvə aviasiya bombasıdır. Təxminən 9,8 ton ağırlığında olan silah geniş ərazidə güclü partlayış dalğası yaratmaq üçün nəzərdə tutulub. Lakin yeraltı bunkerləri dağıtmaq məqsədilə hazırlanmış GBU-57 MOP-dan fərqli olaraq, MOAB böyük dərinlikdə yerləşən möhkəmləndirilmiş obyektlərə nüfuz edə bilmir.

Bu məhdudiyyət İranın Pikaks dağı altında yerləşdiyi ehtimal olunan nüvə infrastrukturu baxımından xüsusi əhəmiyyət daşıyır. ABŞ rəsmiləri həmin ərazidə nüvə proqramına aid komponentlərin saxlanıldığını ehtimal edirlər.

Hərbi ekspertlər MOAB-ın belə obyektlərə qarşı effektivliyini sual altına alırlar. Silahın tətbiqinin hərbi nəticələrdən əlavə, psixoloji və siyasi təsir məqsədi daşıya biləcəyi qeyd olunur.

İran isə mümkün hücumlara sərt cavab veriləcəyi barədə xəbərdarlıq edib. İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndəsi Hüseyn Möhebbi ölkəsinin əvvəlki 40 günlük qarşıdurmadan sonra daha müasir silah sistemləri əldə etdiyini bildirib.

“Bu dəfə nəticələr ABŞ üçün daha ağrılı olacaq”, – deyə Möhebbi vurğulayıb. Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Mümkün eskalasiya fonunda İranın raket hücumları, regiondakı müttəfiq silahlı qruplaşmaların fəaliyyəti və Hörmüz boğazında enerji daşımalarının təhlükəsizliyi də əsas risklər sırasında qiymətləndirilir.

Qeyd edək ki, ABŞ-nin MOAB bombasından İrana qarşı istifadə edəcəyi barədə yekun qərar qəbul olunduğu təsdiqlənməyib. Hazırda söhbət Pentaqonun hazırladığı mümkün hərbi ssenarilərdən gedir.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.