Demokratlar qalib gəlsələr, Trampı nə gözləyir?

ABŞ-da Demokrat Partiyası Konqres seçkilərində qalib gələcəyi təqdirdə Tramp administrasiyasına qarşı araşdırmaları genişləndirməyi, Rusiyaya təzyiqi artırmağı və Ukraynaya dəstəyi davam etdirməyi planlaşdırır.

33

ABŞ-da Demokratlar Partiyası noyabrın 3-də keçiriləcək Konqres seçkilərində çoxluğu qazanacağı təqdirdə Prezident Donald Tramp administrasiyasına nəzarəti gücləndirməyi, Ukraynaya dəstəyi davam etdirməyi və daxili siyasətdə bir sıra dəyişikliklər həyata keçirməyi planlaşdırır.

MSNews.az xəbər verir ki, demokratların mümkün seçki qələbəsindən sonrakı fəaliyyət planları ABŞ mediasında geniş müzakirə olunur.

“Associated Press” agentliyinin oktyabrın 14-də yaydığı məlumata görə, Nümayəndələr Palatasındakı demokratların lideri Hakim Ceffris hakimiyyətə nəzarəti ələ keçirəcəkləri təqdirdə ilk 100 gün üçün qanunvericilik gündəliyi hazırlayır. Əsas istiqamətlər səhiyyə xərclərinin azaldılması, sosial proqramların müdafiəsi, gömrük tariflərinə yenidən baxılması və Tramp administrasiyasının fəaliyyətinin araşdırılmasıdır.

Xarici siyasətdə isə Rusiya və Ukrayna məsələləri mühüm yer tutur. Demokratların Konqresdəki rəhbərliyi sentyabrda yaydığı bəyanatda Ukraynaya dəstəyi davam etdirəcəyini və Rusiyaya qarşı daha təsirli sanksiyaların tətbiqinin tərəfdarı olduğunu bildirib. Bununla belə, demokratlar Trampa əlavə gömrük səlahiyyətləri verən bəzi sanksiya layihələrinə qarşı çıxıblar.

İran məsələsində demokratların bir qismi ABŞ-nin hərbi əməliyyatlarının məhdudlaşdırılmasını və prezidentin müharibə aparmaq səlahiyyətlərinin Konqres tərəfindən yoxlanılmasını tələb edir. Bu mövqe Demokrat Partiyasının bəzi qanunvericilərinin rəsmi təşəbbüslərində də əksini tapıb.

Seçkilərdən sonra mümkün araşdırmaların mərkəzində Trampın özü, ailəsinin biznes əlaqələri və administrasiyanın yüksək vəzifəli şəxsləri dayana bilər.

“The Atlantic” nəşrinin məlumatına görə, müdafiə naziri Pit Xeqset də mümkün parlament araşdırmalarının hədəfləri sırasındadır. Onun və digər administrasiya üzvlərinin impiçmenti barədə müzakirələr mövcuddur.

Çinlə rəqabət, NATO və Avropa İttifaqı ilə münasibətlərin gücləndirilməsi, Arktika və Qərb yarımkürəsində fəallığın artırılması, varlılar üçün vergilərin artırılması kimi məsələlər də demokratların müxtəlif nümayəndələrinin siyasi mövqelərində yer alır.

Qeyd edək ki, Konqresdə çoxluğu qazanmaq demokratlara Tramp administrasiyası üzərində parlament nəzarətini artırmaq imkanı versə də, bütün siyasi təşəbbüslərin avtomatik həyata keçiriləcəyi demək deyil. Qanunların qəbulu və mümkün impiçment prosedurları Konqresin hər iki palatasındakı qüvvələr balansından və konstitusion tələblərdən asılıdır.
Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.