Suriyada yüzlərlə insanın qətliamında şübhəli bilinən şəxs saxlanılıb

Suriyada 2013-cü ildə Banyas qətliamının əsas şübhəlilərindən biri olan Əli Kayali saxlanılıb. Mixrac Ural adı ilə tanınan şəxs ölkədən qaçmağa çalışarkən ələ keçirilib.

35

Suriyada 2013-cü ildə yüzlərlə mülki şəxsin öldürüldüyü Banyas qətliamının əsas şübhəlilərindən biri olan, Mixrac Ural adı ilə tanınan Əli Kayali saxlanılıb.

MSNews.az xəbər verir ki, Suriyanın Baş Kəşfiyyat İdarəsi Kayalinin ölkədən qaçmaq məqsədilə sərhədi keçməyə çalışarkən ələ keçirildiyini açıqlayıb.

Bu barədə Suriyanın dövlət xəbər agentliyi SANA məlumat yayıb. “Anadolu Agentliyi” və “Al Jazeera” da saxlanılma faktını təsdiqləyib. Əməliyyatın dəqiq yeri və Kayalinin hansı sərhəddən keçməyə çalışdığı açıqlanmayıb.

Türkiyənin Hatay vilayətində anadan olan Kayali uzun illər Bəşər Əsəd rejiminə bağlı silahlı qruplaşmalardan birinə rəhbərlik edib. O, əvvəllər İsgəndərun Sancağının Azadlığı Xalq Cəbhəsi adı ilə tanınan, sonradan Suriya Müqaviməti adlandırılan təşkilatla əlaqəli olub.

Kayali 2013-cü ilin mayında Suriyanın Tartus bölgəsində yerləşən Banyas şəhərində və yaxınlıqdakı Əl-Beyda kəndində mülki şəxslərin kütləvi şəkildə öldürülməsində əsas iştirakçılardan biri olmaqda ittiham edilir.

“Human Rights Watch” təşkilatının araşdırmasına əsasən, 2013-cü il mayın 2-3-də Əl-Beyda və Banyasda azı 248 nəfər öldürülüb. Qurbanlar arasında qadınlar və uşaqlar da olub. Təşkilat qətliamların həmin dövrdə hökumət qüvvələri və onlara bağlı silahlı dəstələr tərəfindən törədildiyini müəyyənləşdirib.

Kayalinin adı Türkiyənin Reyhanlı şəhərində 2013-cü ildə onlarla insanın ölümünə səbəb olan partlayışlarla bağlı ittihamlarda da hallanır.

Qeyd edək ki, Bəşər Əsəd rejiminin 2024-cü ilin dekabrında devrilməsindən sonra Suriya hakimiyyəti mülki əhaliyə qarşı cinayətlərdə şübhəli bilinən keçmiş rejim nümayəndələrinin və silahlı qruplaşma rəhbərlərinin saxlanılması istiqamətində əməliyyatları gücləndirib. Kayalinin təqsiri isə məhkəmə hökmü ilə hələ müəyyən edilməyib.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.