MSNews.az xəbər verir ki, bu barədə “Democracy Now!” nəşri məlumat yayıb. Hadisə oktyabrın 12-də baş verib, İranın məsuliyyəti üzərinə götürməsi barədə məlumat isə oktyabrın 13-də dərc olunub.
Qurum gəminin heyətinin təhlükəsiz olduğunu bildirib. Hücum nəticəsində dəymiş ziyanın həcmi və ətraf mühitə mümkün təsirlərlə bağlı araşdırmalar aparılır.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri isə hücumun öz qüvvələri tərəfindən həyata keçirildiyini bəyan edib.
SEPAH-ın açıqlamasına görə, tanker naviqasiya sistemini söndürüb və edilən xəbərdarlıqlara məhəl qoymayıb. İran tərəfi gəminin boğazda müəyyən edilmiş hərəkət qaydalarını pozmağa çalışdığını iddia edib.
SEPAH hadisəni iki gün ərzində üçüncü tankerin vurulması kimi təqdim edib. Bu barədə “Anadolu” agentliyi də məlumat yayıb.
SEPAH həmçinin ABŞ hərbçiləri ilə əməkdaşlıq edən kommersiya gəmilərinə və tankerlərə qarşı cavab tədbirləri görüləcəyi barədə xəbərdarlıq edib.
Bölgədə son günlər ticarət gəmilərinə qarşı hücumların intensivləşdiyi bildirilir. “Democracy Now!” nəşrinin məlumatına görə, oktyabrın əvvəlindən Hörmüz boğazında və ətraf sularda gəmilərə azı 18 hücum qeydə alınıb.
UKMTO-nun rəsmi hadisələr siyahısında da oktyabrın 10–13-də tankerlərə və konteyner gəmilərinə qarşı bir neçə hücum qeyd olunub. Bəzi hallarda gəmilər zədələnib, ayrı-ayrı hadisələrdə isə yanğın baş verib.
Bölgədəki hərbi gərginlik gəmiçilik şirkətlərinin təhlükəsizlik xərclərini artırır, bəzi marşrutlar üzrə daşımaları çətinləşdirir.
“Reuters” agentliyinin məlumatına görə, İranın gəmiçilik marşrutlarına qarşı təhdidləri və son hücumlar beynəlxalq neft bazarında qeyri-müəyyənliyi gücləndirib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, Tehran boğazın yenidən açılması ilə bağlı təklifinə ABŞ tərəfindən verilən cavabı nəzərdən keçirir.
Onun sözlərinə görə, araşdırma başa çatdıqdan sonra İran öz mövqeyini vasitəçilər vasitəsilə Vaşinqtona çatdıracaq.
“Reuters” agentliyinin oktyabrın 12-də yaydığı məlumata görə, tərəflər arasında fikir ayrılıqları qalmaqdadır. ABŞ danışıqların ilkin mərhələsində İranın nüvə proqramının müzakirəsinə üstünlük verir. Tehran isə əvvəlcə Hörmüz boğazının açılması və gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasını istəyir.