Ukrayna Rusiyanın ən böyük data-mərkəzlərindən birini hədəfə alıb

Rusiyanın Saratov vilayətinin Balakovo şəhərinə dron hücumu zamanı “Sberbank”ın nəhəng data-mərkəzinin hədəfə alınmış ola biləcəyi bildirilir. Hücumdan sonra şəhərdə partlayışlar və yanğınlar qeydə alınıb. Obyektə dəymiş zərər hələlik təsdiqlənməyib.

46
Rusiyanın Saratov vilayətinin Balakovo şəhəri kütləvi pilotsuz uçuş aparatı hücumuna məruz qalıb. Hücumun mümkün hədəflərindən birinin Rusiyanın ən böyük bankı olan “Sberbank”ın nəhəng məlumat emalı mərkəzi olduğu bildirilir. Şəhərdə çoxsaylı partlayışlar və yanğınlar qeydə alınsa da, bankın data-mərkəzinin həqiqətən zədələndiyi hələlik təsdiqlənməyib.

MSNews.az xəbər verir ki, hadisə oktyabrın 14-nə keçən gecə baş verib.

Ukraynanın “RBK-Ukrayna” nəşrinin OSINT mənbələrinə istinadən yaydığı məlumata görə, Balakovoda onlarla partlayış səsi eşidilib və sənaye zonasının bəzi hissələrində yanğın başlayıb.

İlkin məlumatlarda mümkün hədəflər arasında “Sberbank”ın data-mərkəzi, enerji infrastrukturu və “MZ Balakovo” metallurgiya müəssisəsi göstərilir.

Lakin açıq mənbələrdə yayılan görüntülər əsasında zərbənin dəqiq hansı obyektə dəydiyini müəyyənləşdirmək mümkün olmayıb.

“Reuters” agentliyinin oktyabrın 14-də yayımladığı xəbərdə də Saratov vilayətinin Balakovo şəhərinə dron hücumunun baş verdiyi bildirilir. Vilayət rəhbərliyinin məlumatına görə, hücum nəticəsində bir nəfər ölüb və yaşayış obyektlərinə ziyan dəyib.

“Sberbank” Balakovoda məlumat emalı mərkəzinin tikintisinə 2021-ci ildə başlayıb.

Layihənin Rusiyanın ən böyük data-mərkəzlərindən birinə çevrilməsi planlaşdırılır. Kompleksin təxminən 120 min serveri yerləşdirmək imkanına malik olacağı, ümumi elektrik gücünün isə 82 meqavata çatacağı bildirilir.

İlkin layihə məlumatlarına görə, tikintinin dəyəri 122 milyard rubldan çox qiymətləndirilir.

Obyektin mərhələli şəkildə istifadəyə verilməsi nəzərdə tutulub. Oktyabrın 7-də kompleksin mühəndis sistemlərinin sınaqdan keçirilməsi üçün yeni satınalma prosedurunun elan edilməsi də layihənin müəyyən hissələrində işlərin davam etdiyini göstərir.

Hazırda “Sberbank”ın data-mərkəzində hansı avadanlığın işlək vəziyyətdə olduğu və hücum nəticəsində hər hansı serverin sıradan çıxıb-çıxmadığı məlum deyil.

Balakovo hücumu Rusiyanın digər böyük texnologiya şirkəti olan “Yandeks”in data-mərkəzlərinə endirilən zərbələrdən bir neçə gün sonra baş verib.

Oktyabrın 8–11-də Rusiyanın müxtəlif regionlarında yerləşən üç “Yandeks” data-mərkəzi dron hücumlarından zərər görüb.

Rusiyanın “Kommersant” qəzetinin məlumatına görə, hadisələr şirkətin rəqəmsal və bulud xidmətlərində genişmiqyaslı nasazlıqlara səbəb olub.

Kremlin sözçüsü Dmitri Peskov oktyabrın 13-də hökumətin “Yandeks”in üzləşdiyi problemləri müzakirə etdiyini təsdiqləyib.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.