MSNews.az xəbər verir ki, bu barədə iranlı jurnalist Esfendiyar Hageçi SEPAH-a (İslam İnqilabı Keşikçiləri Korpusu) yaxın mənbələrə istinadən məlumat yayıb.
Jurnalistin sözlərinə görə, Çin son 20 ildən artıq müddətdə müəyyən texnologiyaların İrana ötürülməsinə ehtiyatla yanaşıb və onların satışını məhdudlaşdırıb.
Hageçi iddia edir ki, general Yəhya Rəhim Səfəvinin son Pekin səfəri bu mövqenin dəyişməsinə səbəb olub.
Onun mənbələrinin bildirdiyinə görə, Səfəvi danışıqlar zamanı sözügedən texnologiyaların İrana verilməsinin zəruriliyini əsaslandıra və Çin tərəfini razı sala bilib.
Jurnalist həmçinin İranın son dövrlərdə göstərdiyi hərbi müqavimətin Pekinin qərarına təsir etdiyini irəli sürüb.
Məlumata əsasən, mümkün əməkdaşlıq çərçivəsində mikroelektronika komponentlərinin tədarükü və raket sənayesində istifadə olunan strateji materiallarla bağlı məsələlər də gündəmə gətirilib.
Qeyd edək ki, Çin və İran nadir metallar sahəsində elmi əməkdaşlığın genişləndirilməsinə dair daha əvvəl də addımlar atıblar.
Avqustun 12-də “South China Morning Post” qəzeti Çin və İranın müvafiq elmi fondları arasında nadir torpaq elementlərinin kəşfiyyatı və emalı üzrə birgə elmi proqramın nəzərdə tutulduğunu xəbər verib.
Bu materiallar müasir elektronika, radar sistemləri və digər yüksək texnoloji avadanlıqların istehsalında əhəmiyyətli rol oynayır.
Lakin elmi əməkdaşlıq proqramının mövcudluğu hərbi təyinatlı texnologiyaların İrana ötürüldüyünü təsdiqləmir.
Hazırda Çinin hansı konkret texnologiyaların satışına razılıq verdiyi, tədarükün həcmi və mümkün müqavilələrin şərtləri açıqlanmayıb.