UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün liqa mərhələsində II turun ilk oyun gününə yekun vurulub. Oktyabrın 13-də keçirilən 9 qarşılaşmada ümumilikdə 32 qol vurulub. Azərbaycan təmsilçisi “Sabah” tarixi qələbəyə imza atıb, “Brügge” Milanda sensasiya yaradıb, “Bavariya” isə gözlənilmədən xal itirib.
MSNews.az xəbər verir ki, gecənin ən diqqətçəkən nəticələrindən biri Bakıda qeydə alınıb. “Sabah” Çexiyanın “Slaviya Praqa” klubunu 2:0 hesabı ilə məğlub edərək Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb.
Azərbaycan təmsilçisinin heyətində Kahim Parris 49-cu, Coy-Lens Mikels isə 88-ci dəqiqədə fərqlənib. İlk turda “Mançester Yunayted”ə 0:4 hesabı ilə uduzan “Sabah” bununla ilk üç xalını əldə edib.

Gecənin ən məhsuldar qarşılaşmalarından biri İtaliyada keçirilib. Milan “İnter”i doğma meydanda Belçikanın “Brügge” klubuna 3:4 hesabı ilə məğlub olub.

Qonaqların heyətində Nikolo Trezoldi het-trik edib, digər qolu Romeo Vermant vurub. “İnter”də Lautaro Martines iki dəfə fərqlənsə də, İtaliya təmsilçisi məğlubiyyətdən qaça bilməyib.
Norveçdə isə daha bir gözlənilməz nəticə qeydə alınıb. “Vikinq” Almaniya nəhəngi “Bavariya” ilə 3:3 hesablı heç-heçə edib. Münhen klubunun hücumçusu Harri Keyn dubl edib. Maykl Olisenin qırmızı vərəqə alması almanların vəziyyətini çətinləşdirib və meydan sahibləri əlavə vaxtda bərabərlik qolunu vurublar.


Londonda “Arsenal” Fransanın “Lill” klubunu 3:0 hesabı ilə üstələyib. İngiltərə təmsilçisi hər üç qolu ikinci hissədə, cəmi yeddi dəqiqə ərzində vurub. Yurriyen Timber, Ebereçi Eze və Bukayo Saka fərqləniblər.

Madridin “Atletiko” klubu isə “Mançester Yunayted”i 2:0 hesabı ilə məğlub edib. İngiltərə klubunun futbolçusu Leni Yoronun qırmızı vərəqə alması qarşılaşmanın gedişinə təsir göstərib.

Günün digər oyunlarında “Vilyarreal” “Napoli”ni 3:1, “Sportinq” Fransada “Lans”ı 2:0, “Leyptsiq” isə PSV-ni 1:0 hesabı ilə məğlub edib.
Günün doqquz matçında altı ev sahibi və iki qonaq komanda qələbə qazanıb, bir qarşılaşma heç-heçə başa çatıb.
Çempionlar Liqasının II turuna oktyabrın 14-də daha 9 qarşılaşma ilə yekun vurulacaq. Günün diqqətçəkən oyunları arasında “Roma” – “Real Madrid”, “Mançester Siti” – PSJ və “Aston Villa” – “Fənərbağça” görüşləri var.
Azərbaycanın “Sabah” klubu isə növbəti matçını oktyabrın 20-də Bakıda Dortmund “Borussiya”sına qarşı keçirəcək.