ABŞ-da islamın tamamilə aradan qaldırılmasına çağırış qalmaqal yaratdı

ABŞ-da "Turning Point USA" təşkilatının universitet bölməsi islamın ölkədən tamamilə silinməsinə çağıran paylaşım yayıb. Müsəlman hüquqlarını müdafiə edən CAIR təşkilatı hadisəyə etiraz edib.

58

ABŞ-nin Şimali Karolina Ştat Universitetində fəaliyyət göstərən “Turning Point USA” (TPUSA) təşkilatının yerli bölməsinin islamın ölkədən tamamilə aradan qaldırılmasına çağıran fikri sosial şəbəkədə paylaşması etirazlara səbəb olub. Amerika-İslam Münasibətləri Şurası (CAIR) bu addımı müsəlmanlara və katoliklərə qarşı dini ayrı-seçkiliyin təbliği kimi qiymətləndirib.

MSNews.az xəbər verir ki, CAIR-in oktyabrın 9-da yaydığı rəsmi açıqlamaya əsasən, hadisə Şimali Karolina Ştat Universitetində TPUSA bölməsinin təşkil etdiyi tədbirdən sonra baş verib.

Tədbir iştirakçılarına mübahisəli fikirlərini xüsusi kartoçkalara yazmaq imkanı yaradılıb. Daha sonra həmin yazılardan bəziləri təşkilatın yerli bölməsinin Instagram hesabında paylaşılıb.

Kartoçkalardan birində islamın Qərb demokratiyası və dəyərləri ilə bir araya sığmadığı, buna görə də ABŞ-dən tamamilə silinməli olduğu iddia edilib. Digər paylaşımda isə katolisizmə qarşı ifadələr yer alıb və bu məzhəb həqiqi inancdan uzaq olmaqda ittiham edilib.

Paylaşımlar universitetin Müsəlman Tələbələr Assosiasiyasının etirazına səbəb olub. Təşkilat bildirib ki, dini icmaları hədəfə alan fikirlərin başqalarına məxsus olması onların geniş auditoriyaya yayılmasının mümkün mənfi nəticələrini aradan qaldırmır.

Assosiasiyanın açıqlamasında vurğulanıb ki, nifrət dolu ritorika zərərsiz deyil və bu cür ifadələrin ictimailəşdirilməsi universitetdə dini ayrı-seçkilik mühitini gücləndirə bilər.

CAIR-in Şimali Karolina bölməsi də müsəlman tələbələrin mövqeyini dəstəkləyib. Təşkilatın regional rəhbəri Al Rider bildirib ki, ABŞ dini azadlıq və müxtəlif inanclara hörmət prinsipləri üzərində qurulub.

O, həm müsəlmanlara, həm də katoliklərə qarşı yönəlmiş ifadələri pisləyərək universitet mühitində dini mənsubiyyətə görə düşmənçiliyin yolverilməz olduğunu vurğulayıb.

Hadisə universitet ictimaiyyətində də narazılıq yaradıb. Təhsil müəssisəsinin məzunlarından biri TPUSA bölməsinin fəaliyyətinin araşdırılması üçün onlayn petisiya başladıb. Müraciətdə universitet rəhbərliyindən dini nifrəti təşviq edən paylaşımlarla bağlı tədbir görülməsi istənilib.

Qeyd edək ki, mübahisəli ifadələr tədbir iştirakçıları tərəfindən yazılıb, TPUSA-nın yerli bölməsi isə onları sosial şəbəkədə yayımlayıb. Buna görə həmin fikirlərin təşkilatın ümumi rəsmi mövqeyi olduğunu söyləmək üçün kifayət qədər əsas yoxdur.

TPUSA-nın yerli bölməsinin hadisəyə münasibəti və universitet rəhbərliyinin mümkün tədbirləri barədə hələlik təsdiqlənmiş əlavə məlumat yoxdur.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.