“Microsoft” şirkətinin həmtəsisçisi Bill Qeyts süni intellektin sürətli inkişafı fonunda 2027-ci ildə dünyanı çoxsaylı “xoşagəlməz sürprizlərin” gözləyə biləcəyi barədə xəbərdarlıq edib. Milyarderin fikrincə, əsas təhlükə qabaqcıl süni intellekt sistemlərinin kibercinayətkarların əlinə keçməsi və genişmiqyaslı hücumlarda istifadə olunmasıdır.
MSNews.az xəbər verir ki, Qeyts bu barədə oktyabrın 11-də “CNN” telekanalının “State of the Union” proqramında aparıcı Ceyk Tapperə müsahibəsində danışıb.
“Pis niyyətli insanlar, təhlükəsizlik məhdudiyyətlərinin olmaması və ən yeni süni intellekt modelləri bir araya gəldikdə, qarşıdakı bir il ərzində, xüsusilə kiberməkanda çoxlu xoşagəlməz sürprizlərlə qarşılaşacağıq”, – deyə Qeyts bildirib.
Onun sözlərinə görə, süni intellekt kibercinayətkarların imkanlarını genişləndirərək maliyyə sistemlərinə müdaxilə, şirkətlərdən pul tələb edilməsi və müxtəlif xidmətlərin fəaliyyətinin pozulması riskini artıra bilər.
Qeyts vurğulayıb ki, mövcud süni intellekt modellərində zərərli fəaliyyətlərin qarşısını almaq üçün təhlükəsizlik mexanizmləri tətbiq edilsə də, bəzi sistemlərdə həmin məhdudiyyətləri aradan qaldırmaq mümkündür.
“RBC” nəşrinin məlumatına görə, milyarder süni intellektin cinayət məqsədləri üçün istifadəsini yaxın dövrün ən ciddi texnoloji təhlükələrindən biri hesab edir.
Bununla belə, Qeyts süni intellektin tamamilə nəzarətdən çıxmasını hazırda əsas təhlükə hesab etmir. Onun fikrincə, belə sistemlərin genişmiqyaslı və müstəqil təhlükə yaratması daha uzunmüddətli riskdir. Yaxın dövrdə isə əsas problem texnologiyadan insanların qəsdən zərərli məqsədlərlə istifadə etməsidir.
O, süni intellektin tənzimlənməsinin yalnız texnologiya şirkətlərinin ixtiyarına buraxılmasını da düzgün saymayıb. Qeyts hökumətlərin təhlükəsizlik standartlarının hazırlanmasında və tətbiqində daha fəal iştirak etməli olduğunu vurğulayıb.
Milyarder həmçinin süni intellektin gələcəkdə iş yerlərinə ciddi təsir göstərəcəyini bildirib və bəzi peşələrdə insan əməyinin qorunması üçün xüsusi qaydaların müəyyənləşdirilməsini təklif edib.