Azərbaycanda LGBT mövzusunun mediada, internetdə, reklam və filmlərdə yayılmasına, eləcə də təhsil sahəsində təqdim olunmasına məhdudiyyətlərin tətbiq ediləcəyi barədə məlumat yayılıb. Lakin hazırda belə bir qanunun qəbul edildiyini və ya rəsmi qanun layihəsinin ictimaiyyətə təqdim olunduğunu təsdiqləyən məlumat yoxdur.
MSNews.az xəbər verir ki, qüvvədə olan “Media haqqında” qanunda pornoqrafik materialların yayılması, nifrət çıxışları və uşaqlar üçün zərərli hesab edilən informasiyanın yayımlanması ilə bağlı məhdudiyyətlər mövcuddur. Bununla belə, qanunda LGBT mövzusunun ayrıca qadağan olunması nəzərdə tutulmur.
2026-cı ilin aprelində qəbul edilən dəyişikliklərlə süni intellekt və xüsusi proqramlar vasitəsilə şəxsin razılığı olmadan hazırlanan saxta seksual və pornoqrafik materialların yayılmasına görə cinayət məsuliyyəti müəyyənləşdirilib. Bu dəyişikliklərin LGBT mövzusu ilə birbaşa əlaqəsi yoxdur.
Avqustda qəbul edilən başqa dəyişikliklər isə sosial şəbəkə platformalarında yaş məhdudiyyətləri və uşaqların zərərli informasiyadan qorunması mexanizmlərinə aiddir. Burada da LGBT məzmununa ayrıca qadağa göstərilmir.
“Reklam haqqında” qanunda yetkinlik yaşına çatmayanlara mənəvi və fiziki baxımdan zərər verə biləcək məzmunla bağlı ümumi məhdudiyyətlər mövcuddur. Lakin LGBT mövzusunun reklamda ayrıca qadağan olunması barədə ayrıca norma açıq şəkildə göstərilmir.